SİYASƏT


İndoneziya Vitse-prezidentinin rəhbərlik etdiyi Üləmalar Məclisi Ermənistanın işğal olunmuş Azərbaycan torpaqlarından çıxmasını tələb edir

Cakarta, 27 oktyabr, AZƏRTAC

İndoneziyanın bütün müsəlman dini icmalarını özündə birləşdirən və bu ölkənin Vitse-prezidenti Maruf Aminin rəhbərlik etdiyi İndoneziya Üləmalar Məclisi Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı bəyanat yayıb.

AZƏRTAC xəbər verir ki, Ermənistanın Azərbaycan torpaqlarının işğalı və sentyabrın 27-də ölkəmizə qarşı başladığı yeni təcavüz aktı ilə bağlı İndoneziya Üləmalar Məclisinin yaydığı bəyanat təşkilatın sədr müavini Muhyiddin Cunaidi tərəfindən imzalanıb.

Bəyanatda atəşkəsin Ermənistan tərəfindən pozulmasından sonra mülki əhali və hərbçilər arasında itkilərin olduğu, habelə yaşayış binalarına böyük ziyan dəydiyi vurğulanıb, mülki əhalinin atəşə tutulmasına qəti etiraz bildirilib.

Sənəddə Ermənistanın beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq normalarına, habelə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrini yerinə yetirməsinə qəti şəkildə çağırış edilib, Ermənistanın Azərbaycanın işğal altındakı bütün ərazilərindən dərhal və qeyd-şərtsiz çıxması təkidlə tələb olunub. Həmçinin tərəflərə BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə, habelə digər müvafiq beynəlxalq sazişlərə uyğun olaraq münaqişənin dayandırılması və məsələnin həllinin sülh yolu ilə tapılması barədə çağırış edilib.

Qeyd edilib ki, Ermənistanın Dağlıq Qarabağa qarşı əsassız iddiaları və Azərbaycan torpaqlarının işğalı faktı son 30 ildə insan haqlarının kobud şəkildə pozulması, eyni zamanda, günahsız insanların ölümü ilə nəticələnib. Vurğulanıb ki, bu məsələ ən qısa zamanda həll edilərək gələcəkdə hər hansı münaqişənin qarşısı alınmalı və sülh mühiti yaradılmalıdır.

Bəyanatda regional ölkələr vahid mövqe tutmağa, işğal altındakı ərazilərdən Ermənistanın qeyd-şərtsiz çıxmasını təmin etməyə dəvət olunub.

Təşkilatın Ermənistan tərəfindən Azərbaycana qarşı hərbi təcavüzün qarşısının alınması, mülki əhalinin və təmas xəttindən kənardakı bölgələrin təhlükəsizliyini təmin etmək məqsədilə özünümüdafiə hüququna və beynəlxalq humanitar hüquqa əsasən, Azərbaycan Ordusunun əks-hücum tədbirləri də daxil olmaqla, bütün addımlarını dəstəklədiyi qeyd edilib.

İndoneziya Üləmalar Məclisi İndoneziya hökumətinin ATƏT-in Minsk qrupu çərçivəsində hər iki tərəfə danışıqları davam etdirmələri çağırışı barədə diplomatik səylərinə hörmət etdiyini və tam şəkildə dəstəklədiyini bildirib.

Sonda Muhyiddin Cunaidi İndoneziya Üləmalar Məclisi adından və şəxsən öz adından şəhid ailələrinə, onların yaxınlarına və bütün Azərbaycan xalqına başsağlığı verib, şəhidlərə Allahdan rəhmət diləyib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Cakarta

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.