SİYASƏT
CGTN Vaşinqtonun vasitəçiliyi ilə əldə olunan atəşkəsin pozulmasından yazır
Pekin, 27 oktyabr, AZƏRTAC
Çin Mərkəzi Televiziyasının ingilis dilində yayımlanan CGTN (China Global Television Network) kanalının internet səhifəsində Qarabağ münaqişəsinə dair növbəti material yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, bütün dünyada geniş oxucu kütləsinə malik CGTN kanalının saytındakı məqalədə Vaşinqtonun vasitəçiliyi ilə əldə edilən humanitar atəşkəsin pozulmasından bəhs olunub. Azərbaycanın Müdafiə Nazirliyinə istinadla qeyd edilib ki, atəşkəsin qüvvəyə minməsindən bir neçə dəqiqə sonra Ermənistan silahlı qüvvələri Tərtər və Laçın rayonlarını atəşə tutub.
CGTN Prezident İlham Əliyevin oktyabrın 26-da televiziya ilə xalqa müraciətində səsləndirdiyi fikirlərə toxunaraq yazır ki, Azərbaycan hansı yolla olur-olsun münaqişənin həllini istəyir. Onlayn nəşr Azərbaycan Prezidentinin “Mən təklif etmişəm ki, əgər istəyirsinizsə, sülh yolu ilə həll olunsun, yaxşı, biz dayandıraq. Ancaq dərhal bizə deyilməlidir ki, Ermənistan bizim torpaqlarımızdan çıxır” fikrini də öz oxucularının diqqətinə çatdırır.
Məqalədə, eyni zamanda, sentyabrın 27-dən başlayan toqquşmalar nəticəsində Azərbaycan tərəfdən 65 mülki sakinin öldüyü və 297 nəfərin yaralandığı qeyd olunub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin