İDMAN


Tokio Olimpiadası zamanı Antiinfeksiya Mərkəzi fəaliyyət göstərəcək

Tokio, 29 oktyabr, AZƏRTAC

Gələn ilin yayında Tokioda keçiriləcək Olimpiya və Paralimpiya Oyunları zamanı Antiinfeksiya Mərkəzi fəaliyyət göstərəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə razılaşma Yaponiya hökumətinin, Tokio bələdiyyəsinin və Olimpiadanın təşkilat komitəsinin Baş Nazirin ofisində keçirdiyi görüş zamanı əldə edilib. Görüşdə Olimpiada zamanı təşkilat komitəsinin nəzarəti altında fəaliyyət göstərəcək Antiinfeksiya Mərkəzinin yaradılması barədə qərar qəbul olunub.

Rəsmi nümayəndələrin bildirdiyinə görə, Mərkəzin qarşısında yarışlarda iştirak etmək üçün Tokioya gələn idmançıların və Olimpiada ilə əlaqədar digər şəxslərin fiziki sağlamlığı barədə məlumatların toplanması vəzifəsi qoyulacaq. Mərkəz, həmçinin koronavirusa yoluxma halları təsdiq edildiyi halda onun yayılması yollarının aşkar edilməsinə cavabdeh olacaq.

Bundan əlavə, görüş iştirakçıları yüksək temperaturu olan şəxslərin Atletlər şəhərciyində ambulator müalicəsi, xəstələrin daşınması və yerləşdirilməsi, özəl laboratoriyaların fəaliyyətinin təşkili ilə məşğul olacaq mərkəzi obyektin inşası barədə də razılığa gəliblər.

Eyni zamanda, Yaponiya hökumətinin Beynəlxalq Olimpiya Komitəsi və idman federasiyaları ilə Oyunlar zamanı koronavirusa yoluxduğu müəyyən edilən idmançılarla necə rəftar olunacağı məsələsini müzakirə edəcəyi də bildirilir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.