İDMAN


Mariya Stadnik: Вilirdim ki, o, məni boğacaq, amma buna hazır idim

Bakı, 16 fevral (AZƏRTAC). Ukraynanın paytaxtı Kiyevdə keçirilən ənənəvi güləş turnirinin ilk günündə ən maraqlı, prinsipial final qarşılaşması qadınların 48 kq çəki dərəcəsinin finalında olmuşdur.

Neçə illər idi ki, Azərbaycan qadın yığmasının lideri Mariya Stadniklə ukraynalı olimpiya çempionu (Afina-2004) İrina Merleninin görüşünün olacağı gözlənilirdi. Onların bu vaxta qədər hələ heç bir rəsmi yarışda üz-üzə gəlməməsi, üstəlik yanvarın sonlarında İ.Merleninin Krasnoyarskada keçirilən “Qran-pri” turnirində qalib gəlməsindən sonra özünə əsas rəqib kimi yalnız yapon güləşçilərini gördüyünü söyləməsi bu qarşılaşmaya əlavə rəng qatırdı.

İrina Merleni finala gedən yolda daha bir olimpiya çempionu, 2008-ci il Pekin Olimpiadasının qalibi, kanadalı Kerol Hyunu da məğlubiyyətə uğratmışdı. Yeri gəlmişkən, həmin qarşılaşmanın ilk saniyələrində İ.Merleni əvvəlcə rəqibə qarşı boğucu fənd tətbiq etmiş, sonra isə saçını dartmışdı və buna görə haqlı olaraq cərimə xalı ilə cəzalandırılmışdı. Mariya Stadniklə qarşılaşmada da bunların baş verəcəyini gözləmək olardı.

Proqnozlar özünü doğrultdu. Döşək üzərinə çıxan zaman Mariya Stadnikə psixoloji təzyiq etmək üçün özünə arxayın şəkildə ora-bura gəzişən, müxtəlif səslər çıxaran İ.Merleni start fitindən sonra ilk cəhddəcə M.Stadniki boğmağa başlamışdır. Amma güləşçimiz, görüşdən sonrakı müsahibəsində də dediyi kimi, buna hazır idi. Hər hissədə bir dəqiq hücum həyata keçirən M.Stadnik müdafiəni düzgün quraraq 1:0, 1:0 hesablı qələbə ilə turnirin qalibi olmuşdur.

Görüşdən sonra verdiyi müsahibədə güləşçimiz bunları demişdir: “İrina Merleni ilə hələ heç vaxt rəsmi turnirlərdə üz-üzə gəlməmişdik. Buna görə də hər saniyə, hər hərəkət, hər xal olduqca vacib idi. Təlim-məşq zamanı keçirdiyimiz yoxlama görüşündə də ona qalib gəlmişdim, bu səbəbdən də bilirdim ki, o, məni boğacaq. Amma buna hazır idim”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.