MƏDƏNİYYƏT


Mədəniyyət Nazirliyinin islahat strategiyasının təqdimatı keçirilib

Bakı, 30 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində islahat strategiyasının həyata keçirilməsi proqramına start verilib.

AZƏRTAC xəbər verir ki, bununla əlaqədar oktyabrın 30-da Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyinin islahat strategiyasının təqdimatı keçirilib.

Əvvəlcə Vətən müharibəsində şəhid olan igid oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Dövlət himni səsləndirilib.

Tədbirdə çıxış edən Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov islahatların forma və məzmun üzrə aparılacağını, mədəniyyətin müxtəlif dəyər sistemlərini özündə ehtiva etdiyini vurğulayıb: “Mədəniyyət dövlətin strateji sahələrindən biridir. Mədəniyyət, həmçinin xalqın mənəvi-ideoloji gücüdür. Bu ilin 27 sentyabr tarixinə qədərki Azərbaycan cəmiyyəti ilə bugünkü cəmiyyət çox fərqlidir. Bu da ona işarədir ki, xalq dəyərlərə nə qədər bağlı olursa, milli ruh da bir o qədər də güclü olur. Hazırda Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz tariximizin şanlı səhifələrini yazır, işğal altındakı torpaqlarımızı düşməndən azad edir. Ordumuzun bu uğurlarında xalqımızın ruh yüksəkliyi də mühüm rol oynayır”.

Bildirilib ki, islahat strategiyası Mədəniyyət Nazirliyinin tarixin yeni şanlı səhifəsinə qədəm qoymuş Azərbaycanın müasir tələb və şərtlərinə uyğunlaşdırılmasını nəzərdə tutur. Həmçinin qeyd edilib ki, yeni strategiyanın məqsədi mədəni irsimizi qoruyaraq onun müasir formalarının yaradılmasını dəstəkləmək, mədəniyyəti müstəqilliyimizin bir təzahürü kimi inkişaf etdirmək və nəticə etibarilə mədəniyyətin iqtisadi inkişafa töhfəsini gücləndirməkdir.

Anar Kərimov islahat qrupunun yaradılması prosesi, Mədəniyyət Nazirliyinin yeni baxışı, missiya və məqsədləri, eləcə də strateji istiqamət və prioritetlər haqqında ətraflı məlumat verib.

İslahat strategiyası müasir idarəetmə üsullarının və iqtisadi modellərinin tətbiqi, şəffaflıq və səmərəliliyin artırılması və ən əsası insan kapitalının müasir tələblərə uyğunlaşdırılması və inkişaf etdirilməsini ehtiva edir.

Bununla yanaşı, tədbirdə iştirak edən nazirliyin əməkdaşlarına islahat strategiyasının təfərrüatları təqdim edilib və islahatın həyata keçirilməsi üçün nazirlik daxili islahat mədəniyyətinin və islahatın idarə edilməsinin zəruriliyi diqqətə çatdırılıb. İslahatların uğuru hər bir əməkdaşın bu prosesdə fəal iştirakından asılı olduğu tədbir zamanı xüsusilə vurğulanıb.

Dəyişiklikləri həyata keçirmək üçün nazirlik çərçivəsində islahat prosesinin idarə edilməsi məqsədilə Rəhbər Komitə və İslahat Komissiyası təsis edilib. İslahatın ilkin mərhələsinin bir il ərzində həyata keçirilməsi nəzərdə tutulur.

Daha sonra tədbir çağdaş reallıqlara uyğunlaşmaq üçün islahatların vacibliyi, strateji istiqamətlər və prioritetlər, yeni yanaşmalar ətrafında fikir mübadiləsi ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.