İDMAN
UEFA Çempionlar Liqası: "Real Madrid" hakimin səhvləri sayəsində 3 xal qazanıb
Bakı, 26 noyabr, AZƏRTAC
Noyabrın 25-də UEFA Çempionlar Liqasının qrup mərhələsində IV turu çərçivəsində növbəti altı oyun keçirilib.
AZƏRTAC xəbər verir ki, ikinci oyun günündə B qrupunda yer alan İtaliyanın "İnter" klubu İspaniyanın "Real Madrid" komandasını qəbul edib. Gərgin keçən görüşün 7-ci dəqiqəsində baş hakimin səhv qərarı nəticəsində Milan klubunun qapısına on bir metrlik cərimə zərbəsi təyin olunub. Yaranan əlverişli fürsətdən Madrid təmsilçisinin belçikalı yarımmüdafiəçisi Eden Hazard faydalanaraq hesabı açıb. Matçın 33-cü dəqiqəsində qonaqlar "İnter"in yarımmüdafiəçisi Arturo Vidala qarşı cərimə meydançasının daxilində sərt oyun tətbiq etsələr də hakim oyunu dayandırmayıb. Buna əks olaraq A.Vidala ikinci sarı vərəqə verərək meydandan kənarlaşdırıb. "Real Madrid" klubu isə qalan dəqiqələrdə on nəfərlə çıxış edən "İnter"in qapısından daha bir qol keçirməyi bacarıblar. Matçın 59-cu dəqiqəsində Rodriqo fərqlənərək oyunda yekun hesabı bəlli edib – 0:2.
Beləliklə, "Real Madrid" hakimin səhvləri sayəsində 3 xal qazanıb. Bu qələbə ilə "Real Madrid" 7 xalla qrupda ikinci pilləyə yüksəlib. "Borussiya" (Münhenqladbax) 8 xalla birinci, "Şaxtyor Donetsk" 4 xalla üçüncü, "İnter" (İtaliya) 2 xalla dördüncüdür.
A qrupunda "Atetiko Madrid" - "Lokomotiv Moskva" oyununda qapılar toxunulmaz qalıb- 0:0. "Bavariya" isə "Zalsburq"u 3:1 hesabı ilə məğlub edib. Bu oyunlardan sonra "Bavariya" 12 xalla qrupun lideridir. "Atletiko Madrid" 5 xalla ikinci, "Lokomotiv Moskva" 3 xalla üçüncüdür. Bir xal toplayan "Zalsburq" isə qrupda sonuncudur.
C qrupunda "Porto" səfərdə "Marsel"in qapısından iki cavabsız qol keçirib. Yunanıstanın "Olimpiakos" komandası İngiltərənin "Mançester Siti" klubu ilə üz-üzə gəlib. Rəqibini 1:0 hesabı ilə məğlub edən "Mançester Siti" qrupdakı liderliyini davam etdirir.
İngiltərə təmsilçisinin hesabında 12 xal var. Portuqaliyanın "Porto" klubu 9 xalla ikinci, "Olimpiakos" 3 xalla üçüncü, "Marsel" (Fransa) isə 0 xalla dördüncü pillədə qərarlaşıb.
D qrupunda isə "Ayaks" Danimarkanın "Midtülland" komandasını 3:1 hesabı ilə, "Atalanta" isə səfərdə "Liverpul"u iki cavabsız qolla üstələyib. Turun yekun nəticələrinə görə Liverpul təmsilçisi 9 xalla qrupun lideridir. "Ayaks" və "Atalanta" komandaları 7 xalla müvafiq olaraq ikinci və üçüncü pillələrdə qərarlaşıblar. Heç bir xal toplamayan "Midtülland" isə sonuncudur.