REGİONLAR


Türkiyənin İğdır Universitetinin rektoru Naxçıvan Dövlət Universitetində olub

Naxçıvan, 29 noyabr, AZƏRTAC

Qardaş ölkənin İğdır Universitetinin rektoru Naxçıvan Dövlət Universitetində (NDU) olub.

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Naxçıvan Dövlət Universitetin rektoru Elbrus İsayev İğdır Universitetinin rektoru, professor Mehmek Hakkı Almanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Rektor ali təhsil ocağının fakültələri, burada tədris olunan ixtisaslar və NDU-nun beynəlxalq əlaqələri haqqında qonaqlara ətraflı məlumat verib. Xalqımızın qazandığı qələbədə qardaş ölkənin də mənəvi dəstəyini yüksək qiymətləndirən Elbrus İsayev ölkələrarası münasibətləri qardaşlığın ən yüksək nümunəsi kimi dəyərləndirib. Universitetə qəbul olan əcnəbi tələbələrin arasında türkiyəli tələbələrin üstünlük təşkil etdiyini qeyd edən rektor bunun səbəbini dil, din birliyi, ortaq adət-ənənələrə sahib olmağımızla əlaqələndirib.

İğdır Universitetinin rektoru, professor Mehmek Hakkı Alma da öz növbəsində qüdrətli Azərbaycan Ordusunun mənfur düşmən üzərində qələbəsi münasibətilə səmimi təbrikini, sevincini ifadə edib. Bildirib ki, bu qələbə azərbaycanlılarla yanaşı, bütün Türk dünyasının qələbəsi, birgə sevincidir.

Görüşdə elm-təhsil sahələrində ortaq layihələrin həyata keçirilməsi, konfransların, simpoziumların təşkili, eyni zamanda birgə elmi araşdırmaların aparılması, nəşrlərin hazırlanması, elmi toplantıların təşkil edilməsi, tələbə-müəllim mübadiləsinin həyata keçirilməsi, müxtəlif idman növləri üzrə universitetlərarası idman yarışlarının təşkili məsələləri müzakirə edilib. Elmi rəqabətliliyin təmin edilməsi, tələbə-müəllim mübadiləsi, mədəniyyət, idman və digər sahələrdə birgə fəaliyyət, tələbə təqaüdü proqramları, elmi əməkdaşlıqda magistr və doktorantura proqramları, elmi tədqiqat sahələrində birgə araşdırmalar, tədqiqatlar aparmaq əsas fəaliyyət istiqamətləri kimi müəyyənləşdirilib.

Sonra NDU-nun Tibb fakültəsinə gələn qonaqlara məlumat verilib ki, 2019-cu ildə yenidən qurularaq istifadəyə verilən fakültə yüksək maddi-texniki baza ilə zənginləşdirilib. Bu ixtisas üzrə həm nəzəri, həm də təcrübi dərslərin keçirilməsi üçün burada hər cür şərait mövcuddur. Yaradılan şəraitin nəticəsidir ki, bu il fakültəyə qəbul olan 336 xarici tələbədən 260-ı Türkiyə Respublikasındandır. Laboratoriyalarda olan qonaqlar fitoterapiya və apiterapiya sahəsində NDU ilə gələcək əməkdaşlığın perspektivləri və ortaq layihələrlə bağlı müzakirələr aparıblar.

Universitetin xəstəxanasında olan qonaqlar burada olan şəraiti yüksək qiymətləndiriblər. Baytarlıq ixtisasında qonaqlara məlumat verilib ki, bu ixtisas üçün ayrıca binanın mövcudluğu göstərilən dövlət dəstəyinin təzahürüdür. İğdır Universitetinin nümayəndə heyəti NDU-nun Pedaqoji fakültəsinin nəzdində fəaliyyət göstərən Texnologiya mərkəzindəki emalatxanalarda və yeni yaradılan Atıcılıq mərkəzində də olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.