ELM VƏ TƏHSİL


Onlayn tədbir: Milli-mənəvi dəyərlərimizin mediada təbliği

Bakı, 29 noyabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika və Kimya fakültələrinin birgə təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlərimizin mediada təbliği" mövzusunda onlayn tədbir keçirilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə Jurnalistika fakültəsinin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Samir Xalidoğlu mövzunun aktuallığından bəhs edib. O, əzəli Azərbaycan torpaqlarının işğaldan azad olunması münasibətilə iştirakçıları təbrik edib. Bu parlaq qələbənin qazanılmasında torpaq, Vətən, bayraq sevgisi kimi milli-mənəvi dəyərlərimizin də böyük rolu olduğunu nəzərə çatdırıb.

Jurnalistika fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru, Əməkdar jurnalist Vüqar Zifəroğlu “Milli-mənəvi dəyərlərimizin mediada təbliği" mövzusunda təqdimatla çıxış edib.

Məruzəçi qeyd edib ki, xalqın tarixən formalaşmış yüksək milli-mənəvi dəyərlərini qoruyaraq bütövlükdə cəmiyyətin genetik yaddaşını, tarixi kimliyini, milli irs və özünəməxsusluğunu gələcək nəsillərə ötürmək əsas vəzifələrdəndir. O, eyni zamanda, tələbə-gənclərdə dövlətçilik təfəkkürünün, millətə, Vətənə bağlılıq hisslərinin gücləndirilməsi baxımından dövlət atributlarına - Azərbaycanın bayrağına, himninə, gerbinə ehtiram və hörmətin vacibliyi təbliğ edilməlidir. Mənfur düşmənin daim və sistemli şəkildə dəyərlərimizi öz adlarına çıxmalarına, bizə qarşı apardıqları informasiya müharibəsi kontekstində onları hədəfə almalarına diqqət çəkərək, hər birimizin bu dəyərlərə sahib çıxmağımızın, onları yaşatmamızın önəmi vurğulanıb.

Kimya fakültəsinin dekan müavini Taleh Qəhrəmanov milli-mənəvi dəyərlərimizə dil, din, ailə, milli mənsubiyyət, müstəqillik, azərbaycançılıq ideologiyası kimi önəmli məfhumlar daxil olduğuna diqqət çəkib. Bu dəyərlərin qorunmasının və gənc nəslə çatdırılmasının ən ümdə vəzifələrdən biri olduğunu qeyd edərək bu istiqamətdə tələbə-gənclərin fəallıq göstərməsinin önəminə toxunub.

Tədbir tələbələrin mövzu ilə bağlı suallarının cavablandırılması ilə sona çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.