CƏMİYYƏT
Yunanıstan portalı ermənilərin Qarabağda törətdiyi bəşəri cinayətlərdən yazıb
Bakı, 29 dekabr, AZƏRTAC
Yunanıstanın www.karfitsa.gr xəbər portalında Ermənistanın Qarabağda törətdiyi bəşəri cinayətlərlə bağlı məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, azərbaycanlı jurnalist Əli Zülfüqaroğlunun və tədqiqatçı-ekspert Elnur Eltürkün həmmüəllifliyi ilə yayılan məqalədə Vətən müharibəsi zamanı Ermənistanın mülki əhaliyə qarşı törətdiyi terror aktlarından bəhs edilir. Həmçinin Ermənistanın Azərbaycanın Gəncə, Bərdə və digər şəhərlərinə raket zərbələri endirməsi nəticəsində uşaqlar və qadınlar da daxil olmaqla, mülki əhalinin qətlə yetirildiyi, yaşayış evlərinin və digər obyektlərin dağıdıldığı yunan oxucuların diqqətinə çatdırılır. Yazıda müharibə bitəndən, Ermənistan kapitulyasiyaya imza atandan sonrakı dönəmdə ermənilərin boşaltdıqları rayonlarda evləri yandırmaları, heyvanları vəhşicəsinə öldürmələri, meşələrə od vurmaları, talançılıq, ekoloji terror törətmələri ilə bağlı faktlara da geniş yer verilir.
Məqalədə Ermənistanın təcavüzü nəticəsində Dağlıq Qarabağ və ona bitişik rayonlarda dünya və yerli əhəmiyyətli tarixi abidələrin, muzeylərin soyğuna məruz qalması, dağıdılması, infrastruktura ciddi zərər vurulması, məktəblərin, xəstəxanaların yerlə-yeksan edilməsi, yaşayış evlərinin sökülərək materiallarının Ermənistana daşınması diqqətə çatdırılır. Eyni zamanda, qeyd olunur ki, Ermənistanın hərbi təcavüzü nəticəsində dəyən maddi ziyanın məbləği ilkin hesablamalara görə 800 milyard dollardan çoxdur, bu rəqəm getdikcə artır və Ermənistan buna görə təzminat ödəməlidir.
“Bunlar təkcə Azərbaycana qarşı deyil, bəşəriyyətə qarşı yönəlmiş terror aktlarıdır. Bu gün dünyada çoxsaylı münaqişə ocaqları mövcuddur. Bu səbəbdən də Ermənistanın mülki əhaliyə və ekoloji mühitə qarşı törətdiyi bu terror aktı çox təhlükəli tendensiyadır. Ona görə də bu cür vəhşiliklərin davam etməməsi, digər yerlərdə də presedent yaratmaması üçün beynəlxalq ictimaiyyət, xüsusilə xarici media qurumları buna biganə qalmamalıdır”, - deyə yazıda vurğulanır.