ELM VƏ TƏHSİL


20 Yanvar faciəsi xalqımızın mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi həkk olunub

Bakı, 19 yanvar, AZƏRTAC

Nəsimi adına Dilçilik İnstitutunda 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar onlayn tədbir keçirilib. Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, elmi müəssisənin direktoru, akademik Möhsün Nağısoylu 20 Yanvar faciəsinin Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi həkk olunduğunu söyləyib. Bildirilib ki, 20 Yanvar hadisələri faciəvi olsa da, milli dövlətçiliyimizin bərpasında xüsusi önəm daşıyır.

Möhsün Nağısoylu qeyd edib ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi qiymət verilib, faciə zamanı həlak olanların xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib.

Akademik bildirib ki, 2020-ci il noyabrın 8-də müstəqil Azərbaycanın tarixinə qızıl hərflərlə daxil olub, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən otuz ilə yaxın davam edən hərbi işğalına son qoyulub. Noyabrın 10-da Bakıda keçirilən Zəfər paradı Azərbaycan Ordusunun hərbi qüdrətinin növbəti təntənəsinə çevrilib.

Professor Sayalı Sadıqova isə qardaşı 20 Yanvar faciəsində şəhid olan Yusif Sadıqovun yarımçıq qalan elmi yaradıcılığı və həyat yolundan danışıb.

Çıxış edənlər professor İsmayıl Məmmədli, Qara Məşədiyev, dosent Təranə Şükürlü 20 Yanvar faciəsinin səbəb və nəticələri barədə danışıb, bu qanlı hadisənin heç vaxt unudulmayacağını bildiriblər.

Sonda bildirilib ki, həm 20 Yanvar, həm də Vətən müharibəsində misilsiz fədakarlıq göstərən, ölkəmizin ərazi bütövlüyü yolunda canından keçən, hər birimizə sevinc və qürur hissləri yaşadan qəhrəman şəhidlərimizin əziz xatirəsi Azərbaycan xalqı tərəfindən hər zaman dərin ehtiramla yad ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.