QAN YADDAŞI
Gürcüstanın Bolnisi rayonunda 20 Yanvar şəhidi İlqar Əhmədovun ailəsi ilə görüş keçirilib
Tbilisi, 20 yanvar, AZƏRTAC
Heç bir şəhid ailəsi diqqətdən kənarda qalmayacaq. Azərbaycan dövləti harada yaşamasından asılı olmayaraq Vətən uğurunda canlarından keçən qəhrəmanların ailələrinə lazımi kömək göstərir və bu, davam edəcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Bolnisi rayonunun Faxralı kəndində 20 Yanvar şəhidi İlqar Əhmədovun anası Nigar Əhmədova ilə görüşdə söyləyib.
Səfir deyib ki, 20 Yanvar şəhidi İlqar Əhmədovun məzarı Azərbaycanın bu ölkədəki səfirliyinin dəstəyi ilə təmir olunur. Artıq məzarın və ətrafdakı qəbirlərin hasarları rənglənib. Təmir-bərpa işləri çərçivəsində sinə daşı, hasarın dam örtüyü də yenilənəcək və məzara aparan cığıra daş örtüyü düzüləcək. Təmir işlərinin şəhidin doğum günü - mayın 25-dək başa çatdırılması planlaşdırılıb.
Səfir, səfirlik əməkdaşları, kənd sakinləri, məktəblilər İ.Əhmədovun məzarını ziyarət ediblər. Şəhidin ruhuna dualar oxunub, məktəblilər 20 Yanvar mövzusunda şeirlər söyləyiblər.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya, ziyarətə və məzarın təmirinə görə minnətdarlıq ediblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi