CƏMİYYƏT


Bakı Şəhər Prokurorluğunda ötən il görülmüş işlərin vəziyyətinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib

Bakı, 21 yanvar, AZƏRTAC 

Yanvarın 21-də Bakı Şəhər Prokurorluğu orqanları tərəfindən 2020-ci il ərzində cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizə, qanunçuluğun möhkəmləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş videokonfrans formatında əməliyyat müşavirəsi keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Azərbaycanın mərd oğullarına Allahdan rəhmət, qazilərimizə şəfa dilənib.

Müşavirədə çıxış edən Bakı şəhər prokuroru İlqar Abbasov bildirib ki, 2020-ci il ölkəmiz üçün əlamətdar hadisələrlə yadda qalıb. Ötən ili digər dünya dövlətlərindən fərqli olaraq ölkəmiz üçün əlamətdar edən əsas hadisə işğal altında qalan əzəli torpaqlarımızın Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin siyasi iradəsi və rəhbərliyi ilə rəşadətli, mübariz ordumuzun əzmi, xalqımızın birliyi nəticəsində düşmən işğalından azad edilməsi olub.

İlqar Abbasov hesabat məruzəsi ilə çıxış edərək deyib ki, 2019-cu ildə Bakıda prokurorluq və daxili işlər orqanları üzrə cəmi 11 min 176 cinayət hadisəsi qeydə alındığı halda, ötən il 667 hadisə azalaraq 10 min 509 olub. Ağır və xüsusilə ağır cinayətlərin sayı 171 vahid artaraq 1449 olub. Qeyd olunan cinayət hadisələrinin açılma faizi 86,1 faizə yüksəlib.

Hesabat dövründə ötən illə müqayisədə qəsdən adamöldürmə cinayətlərinin sayı 19 fakt azalaraq 47 cinayət hadisəsi qeydə alınıb ki, onlardan 45-nin açılması təmin edilib. Bağlı qalan qətl hadisələrindən birinin istintaqı hazırda Baş Prokurorluğun İstintaq idarəsində, digəri isə Suraxanı Rayon Prokurorluğunda davam etdirilir.

Bakı Şəhər Prokurorluğunun diqqət mərkəzində olan məsələlərdən biri də quldurluq və ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması olub. Belə ki, 2019-cu illə müqayisədə hesabat dövründə 51 quldurluq hadisəsi qeydə alınıb. Bu ötən illə müqayisədə 22 hadisə az olub, həmin hadisələrdən 2-si bağlı qalıb. Ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı 2019-cu illə müqayisədə 46 hadisə azalaraq 160 hadisə olub, onlardan 4-ü bağlı qalıb.

Bakı şəhərinin prokurorluq və daxili işlər orqanları tərəfindən digər illərdə olduğu kimi, 2020-ci ildə də narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı kəsərli mübarizə tədbirləri davam etdirilib, hesabat dövründə bu qəbildən olan cinayətlərlə bağlı 463 fakt (1707), satışla bağlı isə 2020-ci il ərzində 238 (692) fakt artım qeydə alınıb.

Vurğulanıb ki, şəhərin prokurorluq və daxili işlər orqanları tərəfindən istintaq edilmiş işlərin təhlili göstərir ki, prokurorluğun icraatında olan 873 işdən 460-ı, daxili işlər orqanlarının istintaq qurumlarının icraatında olan 11 min 943 cinayət işindən 4393-nün istintaqı tamamlanıb. Onlardan polis orqanları tərəfindən 3358, prokurorluq orqanları tərəfindən 137 iş baxılması üçün müvafiq məhkəmələrə göndərilib.

Hesabat dövründə prokurorluq və daxili işlər orqanları tərəfindən prokurorluq orqanlarında istintaq edilmiş cinayət işləri üzrə fiziki və hüquqi şəxslərə vurulmuş ümumilikdə 20 milyon 672 min 432 manat məbləğində maddi ziyanın 18 milyon 724 min 325 manatı və ya 90,6 faizinin istintaq zamanı ödənilməsi təmin edilib.

Əməliyyat müşavirəsində prokurorluq orqanlarında ziyanın ödənilməsi vəziyyəti qənaətbəxş hesab olunsa da, ibtidai araşdırma zamanı dəymiş ziyanın ödənilməsi göstəricisinin artırılması üçün zəruri tədbirlərin vaxtında görülməsi, cinayət yolu ilə əldə edilmiş əmlakın axtarılıb tapılması üçün intensiv istintaq-əməliyyat tədbirlərinin həyata keçirilməsi tapşırılıb. Bununla yanaşı, narahatlıq doğuran digər məsələlərdən biri kimi, paytaxtın rayonları üzrə tüfeyli həyat tərzi keçirən şəxslərin müvafiq qeydiyyata alınması üçün yerli daxili işlər orqanları ilə birgə müvafiq profilaktik tədbirlərin görülməsinə dair rayon prokurorlarına göstərişlər verilib.

Müşavirədə, həmçinin bildirilib ki, vətəndaşların müraciətlərinə xüsusi diqqət və həssaslıqla yanaşılmasının hər bir dövlət orqanının və məmurunun mühüm vəzifələrindən olması barədə Prezident İlham Əliyevin tapşırıqları rəhbər tutularaq müraciətlərin obyektiv araşdırılması, şikayətləri yaradan səbəblərin aradan qaldırılmasına, qanunauyğun və ədalətli qərarların qəbul edilməsinə nəzarət və tələbkarlıq gücləndirilib. Ötən il Bakı şəhər prokurorluq orqanlarına 14 min 566 müraciət daxil olub. Müraciətlərdən 4678-i öz həllini tapıb, onlardan 1632-si tam və ya qismən təmin edilib, 378 şikayət isə hesabat dövrünün sonuna qalıq qalıb.

Tədbirdə hesabat dövründə əldə edilmiş müsbət nəticələrlə yanaşı, nöqsanlar da diqqətə çatdırılıb. Qəsdən adamöldürmə, quldurluq və yol nəqliyyat hadisələrindən bağlı qalan cinayət faktlarının, eləcə də bağlı qalan oğurluq hadisələrinin tezliklə açılması və təqsirkar şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi, habelə axtarışda olan, xəbərsiz itkin düşmüş şəxslərin tapılması istiqamətində intensiv istintaq və əməliyyat-axtarış tədbirlərinin aparılmasının, istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsi zamanı yol verilmiş nöqsanların aradan qaldırılmasının zəruriliyi vurğulanıb. Eyni zamanda, istintaq və təhqiqat fəaliyyətində aşkarlanmış nöqsanlar, qanun pozuntuları, süründürməçilik halları ətraflı təhlil edilməklə gələcəkdə təkrarlanmaması ilə bağlı konkret tapşırıqlar verilib.

Əməliyyat müşavirəsində diqqətə çatdırılıb ki, hesabat dövründə xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində qanunsuzluq hallarına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibətdə tələbkarlıq artırılıb. Hesabat dövründə Baş Prokurorluq üzrə müvafiq əmrlərlə şəhər prokurorluq orqanlarının əməkdaşlarından əmək və icra intizamını pozan 8 nəfər intizam məsuliyyətinə cəlb edilib. Onlardan 1 nəfər tutduğu vəzifədən azad olunub, 5 nəfərə töhmət elan edilib, 1 nəfərə irad tutulub, 1 nəfər rütbədən məhrum edilməklə prokurorluq orqanlarından xaric olunub.

Müşavirədə Bakı şəhərinin tabe rayon prokurorları mövzu ətrafında çıxışlar edib, nöqsanların aradan qaldırılması üçün zəruri tədbirlərin görüləcəyini bildiriblər.

Əməliyyat müşavirəsinə yekun vuran İlqar Abbasov şəhər prokurorluğunun kollektivinin bundan sonra da digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə dövlətçiliyimizin maraqlarının, ölkəmizdə bərqərar olmuş dayanıqlı ictimai-siyasi sabitlik və əmin-amanlığın qorunmasını, cinayətkarlığın bütün təzahürlərinə və hər cür qanunsuzluqlara qarşı mübarizənin gücləndirilməsini, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsi üçün səlahiyyət hədləri daxilində zəruri tədbirlərin görülməsini təmin edəcəklərinə əminliyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.