REGİONLAR


Yevlaxda əhalinin COVID-19-a qarşı peyvənd olunmasına start verilib

Yevlax, 22 yanvar, AZƏRTAC

Ölkəmizin digər bölgələrində olduğu kimi,Yevlaxda da əhalinin COVID-19-a qarşı peyvənd olunmasına başlanılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yevlax Şəhər Ailə Sağlamlıq Mərkəzinin binasında təhlükəli virusa qarşı mübarizə məqsədilə 3 xüsusi vaksin otağı, o cümlədən peyvəndlərin daşınması üçün TƏBİB-in təlimatlarına uyğun zəruri şərait yaradılıb. İlkin mərhələdə risk qrupuna daxil olan tibb işçilərinin, eləcə də yaşı 65–dən yuxarı olan rayon sakinlərinin könüllülük əsasında peyvəndlənməsi nəzərdə tutulub.

Peyvəndin əks təsirinin olmadığını bilən tibb işçiləri ilk olaraq bu aksiyaya özləri könüllü qoşulublar. Yevlaxda ilk gündə təhlükəsizliyinə və effektivliyinə görə seçilən “Coronovac” vaksini ilə 50 nəfər tibb işçisi peyvənd olunub və onlar özlərini yaxşı hiss edirlər.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” təsdiq edilib. Strategiyaya uyğun olaraq vaksinasiyanın birinci mərhələsində səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər və hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət peyvəndlənəcək. Strategiyanın əsas məqsədi ölkədə yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır.

Vaksinin əhəmiyyəti immuniteti gücləndirmək yolu ilə xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq, ölüm halının qarşısını almaq və nəticədə səhiyyə sisteminə düşən yükü azaltmaqdan ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.