İDMAN


Millimizin kapitanı Rizvan Fərzəliyev: Uzun müddət parketdən kənarda qalmağımız çətinlik yaradacaq

Bakı, 22 yanvar, AZƏRTAC

Yanvarın 18-dən etibarən təlim-məşq toplanışını Bakı İdman Sarayında davam etdirən futzal üzrə Azərbaycan millisi əsasən fiziki çalışmalara üstünlük verir. On bir aydan sonra idman zalında 3 məşq keçən yığmamız yanvarın 29-da Slovakiya ilə qarşılaşacaq.

AZƏRTAC xəbər verir ki, hazırlıqla bağlı Azərbaycan Futzal Federasiyasının saytına açıqlama verən millinin kapitanı Rizvan Fərzəliyev qarşıya konkret məqsədin qoyulduğunu bildirib: “Toplanışımız davam edir. Fiziki hazırlığı yüksəltmək istiqamətində çalışmalar edirik. Əhval-ruhiyyə yaxşıdır. Çoxdan idi zalda məşq etmirdik, yenidən sevimli məkanımıza dönməyimiz komanda üzvlərini sevindirməyə bilməzdi. Qarşıda bizi qrup liderliyinə iddialı Slovakiya ilə ağır oyun gözləyir. Əlbəttə, rəqibin kimliyindən asılı olmayaraq qarşımıza konkret tapşırıq qoyulub. Biz bu qrupdan qalib kimi final mərhələsinə vəsiqə qazanmalıyıq. Bilirəm, uzun müddət parketdən kənarda qalmağımız çətinlik yaradacaq. İdmançı həyatı elədir ki, gərək məşqləri fasiləsiz, daimi edəsən. Amma mövcud vəziyyətlə əlaqədar zallar bağlandı və biz ən yaxşı halda açıq havada məşq etməklə formamızı qorumağa çalışdıq. Süni örtüklə parketi isə müqayisə etmək olmaz”.

Təcrübəli futzalçı çətinliklərdən də danışıb, komandanın oyuna hazır olacağına inandığını vurğuladı: “Müəyyən çətinliyimiz var. İlk növbədə zala uyğunlaşmağa çalışırıq. On bir ay az müddət deyil. Yanvarın 29-na qədər isə bu və digər çatışmazlığı aradan qaldırmalıyıq. Bunu bacaracağımıza inanıram. Bu bir həftədən maksimum yararlanmalıyıq”.

Üçüncü qrupda yer alan millimizin rəqiblərinə yaxından bələd olduqlarını deyən kapitan Slovakiyanı fərqləndirib: “Hər 3 komandanın gücünə bələdik. Xüsusilə də Slovakiya ilə son illərdə daha çox qarşılaşmışıq. Qrup mərhələsinə onlarla duellə start verəcəyik. Bakıdakı oyunda qələbə qazanmalıyıq ki, özünə inam artsın, həm də əsas rəqibimizi qabaqlaya bilək, eyni zamanda, Yunanıstan səfərinə yüksək əhval-ruhiyyədə yollanaq. Doğma meydan amili də bizə üstünlük qazandıracaq. Matçın azarkeşsiz keçirilməsi təəssüf doğurur. Ancaq pandemiya ilə əlaqədar verilmiş qərara hörmətlə yanaşmalıyıq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.