REGİONLAR
Sabirabadda ötən il süni mayalanma üsulu ilə hər 100 inəkdən 68 baş bala alınıb
Sabirabad, 22 yanvar, Mahir Babayev, AZƏRTAC
Əsasən kənd təsərrüfatı rayonu olan Sabirabadda heyvandarlıq aqrar sektorun əsas sahələrindən biridir. Rayonda bu sahənin inkişafını daha da sürətləndirmək, heyvandarlıq məhsulları istehsalını artırmaq məqsədilə mühüm tədbirlər həyata keçirilir ki, bu da məhsul istehsalı və mal-qaranın baş sayının artmasına səbəb olur.
Son illər rayondan mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində də mühüm işlər görülür. Bu məqsədlə xarici ölkələrdən ətlik və südlük istiqamətində düyələr də törədici buğalar gətirilir, süni mayalanma üsuluna xüsusi diqqət yetirilir. Süni mayalanma üsulu ilə doğulan hər baş buzov üçün dövlət tərəfindən maldarlara 100 manat subsidiya verilməsi və digər tədbirlərin həyata keçirilməsi təsərrüfat sahiblərində heyvandarlığın inkişafında bu yoldan geniş istifadə etmələrinə marağı daha da artırır.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, hazırda rayonda 18 süni mayalanma məntəqəsi fəaliyyət göstərir. Ötən il bu məntəqələrinin mütəxəssisləri tərəfindən mayalanma aparılmış 9 min 439 baş ana inək və düyədən 6 min 507 baş buzov alınıb ki, bu da hər 100 baş inəyə 68 bala deməkdir. Doğulan buzovlara görə maldarlara ümumilikdə 650 min 700 manat subsidiya ödənilib.
Qeyd edək ki, hazırda Sabirabadın heyvandarlıq təsərrüfatlarında 61 min 616 baş ana inək və düyə saxlanılır. Onların da 85-90 faizi cins tərkibi yaxşılaşdırılmış heyvanlardır.