REGİONLAR


Azərbaycan təsviri sənətində realist dəzgah boyakarlığının, portret və mənzərə janrlarının banisi - Bəhruz Kəngərli

Naxçıvan, 22 yanvar, AZƏRTAC

Qədim sivilizasiyanın mərkəzi, Nuh yurdu Naxçıvan zaman-zaman Azərbaycan xalqına görkəmli şəxsiyyətlər bəxş edib. Belə şəxsiyyətlərdən biri də milli rəssamlığın inkişafında özünəməxsus rol oynayan, Azərbaycan rəssamlıq sənətinə yeni üslub və milli ruh gətirən, ilk realist fırça ustası Bəhruz Kəngərlidir. Bu gün Bəhruz Kəngərlinin anadan olmasının 129-cu ildönümüdür.

Bəhruz Şirəlibəy oğlu Kəngərli 1892-ci il yanvarın 22-də Naxçıvanda dünyaya göz açıb. Çox qısa ömür yaşamasına baxmayaraq, onun hər bir əsəri Azərbaycan incəsənət tarixində xüsusi yer tutub. Yurdunu sevən rəssam Bəhruz Kəngərli ömrünün sonunadək Naxçıvanda yaşayıb və incəsənətimizin inkişafı naminə yorulmadan çalışıb.

Böyük rəssam vaxtilə Cənubi Qafqazın inzibati və mədəni mərkəzlərindən biri olan Tiflis şəhərində təşkil olunmuş “İncəsənəti təşviq cəmiyyəti” və ya digər mənbələrdəki adı ilə desək, “Rəssamları həvəsləndirən cəmiyyət”in nəzdindəki rəssamlıq məktəbini bitirən ilk azərbaycanlıdır. Yüksək istedad sahibi olan Bəhruz Kəngərli Azərbaycan incəsənətində realizmin əsasını qoyan və öz yaradıcılığında qabaqcıl ideyaları əks etdirən sənətkarlardan biri olub. Rəssam sənətkarlığın əsas vasitələrinə - rəsm, kompozisiya, rəng bacarığına böyük diqqət yetirib. Təsviri incəsənətin müxtəlif növlərində yaradıcılıqla məşğul olan Bəhruz Kəngərli həm boyakarlıq, qrafika, həm də teatr rəssamlığı sahəsində böyük müvəffəqiyyətlər qazanıb.

Sağlamlıq imkanları məhdud olan sənətkar cəmi 30 il ömür sürüb və maddi çətinliklərə baxmayaraq, əsərlərini sərgiləməklə kasıb ailələrin uşaqları üçün məktəb pulu toplayıb, onların təhsil almasına kömək göstərib. Bəhruz Kəngərli 1922-ci ilin fevral ayında dünyasını dəyişib.

Tanınmış rəssamın əsərlərində təbiət, tarixi abidələr və vətənpərvərlik mövzusu əsas yerlərdən birini tutub. O, dövrünün görkəmli şəxslərinin rəsmlərini çəkib, portret janrında dəyərli əsərlər yaradıb. Azərbaycanlıların başına gətirilən müsibətləri, ermənilər tərəfindən doğma yurdundan zorla qovulmuş azərbaycanlı qaçqınların taleyini əks etdirən “Qaçqınlar” silsiləsinə daxil olan əsərləri Azərbaycan tarixinin dəyərli nümunələridir. Qısa, lakin mənalı ömür yaşamış Bəhruz Kəngərli Azərbaycan boyakarlığında realizmin əsasını qoymaqla həm də onu yeni ictimai məzmun, yeni janr, yeni təsvir metodu və ifadə vasitələri ilə zənginləşdirmiş görkəmli sənətkar olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri tərəfindən daim diqqətdə saxlanılan Bəhruz Kəngərli irsinə hər zaman qayğı göstərilib. Ali Məclisin sədri 2001-ci il fevralın 15-də “Bəhruz Kəngərlinin adının əbədiləşdirilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Bəhruz Kəngərlinin Naxçıvan şəhərindəki məzarüstü abidəsi bərpa edilib, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sərgi salonu Bəhruz Kəngərli adına Sərgi Salonu adlandırılıb. 2002-ci ilin yanvarında istedadlı rəssam Bəhruz Kəngərlinin anadan olmasının 110 illiyi təntənəli şəkildə qeyd olunub. Həmin il Bəhruz Kəngərli irsinin daha geniş öyrənilməsi məqsədilə Bəhruz Kəngərli Muzeyi yaradılıb. Hazırda bu mədəniyyət müəssisəsinin fondunda yüzlərlə eksponat vardır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin “Görkəmli rəssam Bəhruz Kəngərlinin 120 illik yubileyinin keçirilməsi haqqında” 2012-ci il 12 yanvar tarixli Sərəncamı Bəhruz Kəngərlinin yaradıcılıq irsinə göstərilən böyük diqqət və qayğıdır. 2016-cı ildə isə Naxçıvan şəhərində Bəhruz Kəngərli adına Rəssamlar Parkı istifadəyə verilib, görkəmli rəssamın abidəsi ucaldılıb.

AZƏRTAC-ın Naxçıvan bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.