İQTİSADİYYAT


“Azərsu”da keçən il 74 minədək içməli və tullantı su nümunəsi üzrə 409,8 min analiz aparılıb

Bakı, 26 yanvar, AZƏRTAC

İstehlakçılara verilən içməli suyun keyfiyyətinin, həmçinin kənarlaşdırılan tullantı sularının tərkibinin ekoloji standartlar çərçivəsində saxlanılması məqsədilə “Azərsu” ASC-nin mərkəzi, yerli və regional laboratoriyaları tərəfindən Bakı şəhəri və regionlarda nəzarət tədbirləri həyata keçirilir.

ASC-dən AZƏRTAC-a bildirilib ki, içməli suyun keyfiyyətinə mənbələrdən başlayaraq istifadəçiyə verilənə qədər müxtəlif mərhələlərdə nəzarət olunur. Bu məqsədlə müxtəlif nöqtələrdən – su mənbələrindən, sutəmizləyici qurğulardan, mərkəzi və məhəllədaxili anbarlardan, şəbəkələrdən, təhsil, səhiyyə, ictimai iaşə müəssisələrindən və digər obyektlərdən su nümunələri götürülərək analiz edilir. Eyni zamanda, tullantı sularının fiziki-kimyəvi və bakterioloji göstəricilərinin normaları nəzarətdə saxlanılır. Hazırda “Azərsu” ASC-nin Mərkəzi Laboratoriyasında içməli suyun 52, tullantı suların 59 olmaqla ümumilikdə 111 parametri üzrə analizlər aparmaq mümkündür.

2020-ci ildə “Azərsu” ASC-nin mərkəzi, yerli və regional laboratoriyaları tərəfindən ümumilikdə 73 min 743 içməli və tullantı su nümunəsi üzrə 409 min 800 analiz aparılıb. Hesabat dövründə içməli su üzrə müxtəlif nöqtələrdən 66 min 500 su nümunəsi götürülüb. Həmin nümunələr üzrə 372 min analiz aparılıb. Eyni zamanda, müxtəlif nöqtələdən götürülmüş 7237 tullantı su nümunəsinin tərkibinin öyrənilməsi məqsədilə 37 min 800 analiz edilib.

Mərkəzi Laboratoriyanın təcrübəsindən istifadə etməklə 2018-ci ildə regional laboratoriyaların yaradılmasına başlanılıb və hazırda 9 regional laboratoriya fəaliyyət göstərir. Ötən il regional laboratoriyalar tərəfindən 17 min 369 su nümunəsi götürülüb və bu nümunələr əsasında 130 min analiz aparılıb. Regional laboratoriyalar Azərbaycanın ən ucqar ərazisində yerləşən mənbələrdəki suyun keyfiyyət göstəricilərini də nəzarətdə saxlamaq imkanı yaradır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.