SİYASƏT
16 saylı Yasamal II seçki dairəsində 35 min 674 seçici 57 namizədə səs verəcək
Bakı, 23 dekabr, AZƏRTAC
Dekabrın 23-də səhər saat 8-dən etibarən 16 saylı Yasamal II seçki dairəsi dairə seçki komissiyasının tərkibinə daxil olan seçki məntəqələrində də səsvermə keçirilir.
16 saylı Yasamal II seçki dairəsi dairə seçki komissiyasının sədri Sədaqət Seyidzadə AZƏRTAC-a bildirib ki, bu il dairə 29 daimi seçki məntəqəsini və Müdafiə Nazirliyinin təlim-tədris mərkəzini əhatə edən daha bir məntəqəni əhatə edir. Ümumilikdə dairə seçki məntəqəsinin əhatə etdiyi ərazidə qeydiyyatda olan 35 min 674 seçici bələdiyyə üzvü seçilmək üçün 57 namizədə səs verəcək. Seçkiləri müşahidə etmək üçün 355 nəfər müşahidəçi qeydiyyatdan keçib.
Dairənin əhatə etdiyi bütün seçki məntəqələrində seçicilərin normal səs vermələri üçün hər cür şərait yaradılıb. Dairənin 10 məntəqəsində veb-kamera quraşdırılıb. Seçki məntəqələri bütün zəruri texniki avadanlıqlar, ləvazimatlar və məlumat kitabçaları ilə tam təchiz olunub.
Bütün məntəqələr Mərkəzi Seçki Komissiyası tərəfindən avadanlıq və təbliğat-təşviqat materialları ilə təmin olunub. Hər bir məntəqədə seçicilərin dəqiqləşdirilmiş siyahısı asılıb. Məntəqələr seçki bülletenləri, gözlə görünməyən mürəkkəb və bu mürəkkəbi oxumaq üçün xüsusi cihazlarla təmin edilib. Seçkilərin tam şəffaf, azad, ədalətli, demokratik və qanun çərçivəsində keçirilməsi, komissiya üzvlərinin normal fəaliyyəti üçün lazımi şərait yaradılıb.
Rayondakı 53 nömrəli tam orta məktəbdə yerləşən 8 saylı seçki məntəqəsində daha çox seçici fəallığı müşahidə olunur. Seçki məntəqəsinin sədri Münəvvər Yusubovanın verdiyi məlumata görə, bələdiyyə seçkilərində 1201 nəfər seçici səs verməlidir, onların 17 nəfəri ilk dəfə səs verəcək. Seçkilərin gedişini 14 müşahidəçi izləyir. İlk üç saat ərzində 300-dən artıq seçici məntəqəyə gələrək səs verib. Bu, seçiçilərin 25 faizindən çoxu deməkdir.
Mətbuat prospektində 59 nömrəli binada yaşayan 79 yaşlı Əsmət Abdullayeva da seçicilər arasındadır. O, sağlamlığında bəzi problemlər olsa da, məntəqəyə gəlib namizədlərə səs verməyi özünün vətəndaşlıq borcu hesab etdiyini bildirib.