REGİONLAR
16 yaşında rekorda imza atan məktəbli – İsmayıllıdan reportaj VİDEO
İsmayıllı, 25 noyabr, Rəşad Türkoğlu, AZƏRTAC
Dövlət İmtahan Mərkəzinin həm buraxılış, həm də təhsil müəssisələrinə qəbul imtahanlarında göstərdiyi nəticə ilə birinciliyi qoruyub saxlayanlar ucqar rayonlarda da üstünlük təşkil edirlər. Bölgələrdən olan məktəblilər televiziya müsabiqələri ilə yanaşı, olimpiadalarda da yüksək nəticələr qazanırlar. Elm və Təhsil Nazirliyinin rəsmi tərəfdaşı olan və İctimai Televiziyada 2015-ci ildən yayımlanan “Əlaçı” telelayihəsində rekorda imza atan Asiman Mirzəliyev də belə şagirdlərdəndir.
AZƏRTAC xəbər verir ki, 16 yaşlı Asiman İsmayıllı rayonunun Göytəpə kənd sakinidir. O, hər gün səhər tezdən elm arxasınca yaşadığı kənddən rayon mərkəzinə üz tutur. Hazırda İsmayıllı şəhəri Natiq Mehdiyev adına 6 nömrəli tam orta məktəbin 11-ci sinfində oxuyan məktəblinin istəkləri çox, hədəfləri isə böyükdür. Əldə etdiyi uğurlar göstərir ki, Asiman məktəb illərində vaxtını hədər keçirməyib. Məhz bu səbəbdən indiyə kimi qatıldığı bütün müsabiqələrdə qaliblər sırasında olub.
Asiman 8-ci sinifdən müxtəlif yarışlara, olimpiadalara, intellektual müsabiqələrə qatılıb: “Rəqabət olan yer həmişə mənim üçün maraqlıdır. Bu vaxta kimi “Nə, Harada, Nə zaman?” televiziya layihəsinə, respublika fənn olimpiadalarına, müxtəlif müsabiqələrə qatılmışam. Son olaraq qatıldığım yarış isə “Əlaçı” televiziya verilişi idi. Burada da ilk verilişdə qalib olaraq superfinala vəsiqə qazandım. İkinci turda 29 suala doğru cavab verərək verilişin tarixində rekorda imza atdım”.
Uğurunda dərslərinə intizamlı yanaşması, təhsilini ön planda tutması ilə yanaşı, valideynlərinin və müəllimlərinin də payı olduğunu deyən Asiman Mirzəliyev yarışı qazandıqdan sonra çoxlu təbrik mesajı alıb. “Müəllimlərimin, valideynlərimin qürur hissini görmək çox gözəl idi”, - deyə o əlavə edib.
Qarşıdakı hədəfinin buraxılış və qəbul imtahanlarında yüksək nəticə əldə etmək olduğunu deyən məktəbli hazırda birinci qrup üzrə test imtahanlarına hazırlaşır. Təkcə ölkəmizdə deyil, dünya miqyasında da tanınan proqramçı olmağı hədəfləyən Asiman 6 nömrəli məktəbin uğur qazanan məktəblilərindən sadəcə biridir.
Məktəb direktoru Qalib Bəşirov bildirib ki, təhsil müəssisəsi bundan öncə 42 ölkənin qatıldığı “Gələcək nəsillərlə üz–üzə layihəsi”ndə də birincilik əldə edib. Məktəb üzrə hər il yüksək bal toplayaraq tələbə adını qazananlar 60-70 faizdən çox olur. Bu və digər uğurlar sayəsində məktəb ölkənin ən qabaqcıl təhsil ocaqlarından biri hesab edilir.
Xatırladaq ki, İsmayıllı şəhəri Natiq Mehdiyev adına 6 nömrəli tam orta məktəb Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb“ layihəsi çərçivəsində inşa edilib. Açılışında dövlət başçısının da iştirak etdiyi, iki mərtəbədən, 4 korpusdan ibarət olan məktəbdə 700-dən çox şagird təhsil alır.