REGİONLAR
Alban-udi xristian dini icmasının üzvləri Laçında “Ağoğlan” monastırını ziyarət ediblər VİDEO
Laçın, 6 fevral, Aydın Yavərzadə, AZƏRTAC
Alban (Qafqaz) Apostol Müstəqil Kilsəsinin varisi olan Azərbaycan Alban-udi dini icmasının nümayəndələri fevralın 6-da Laçın rayonu ərazisində yerləşən qədim alban məbədi “Ağoğlan” monastırını ziyarət ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ziyarətə Alban-udi xristian dini icması ilə yanaşı, Vətən müharibəsinin iştirakçıları olan udi gəncləri də qatılıb.
Dini icmanın sədr müavini Rafik Danakarinin rəhbərliyi ilə “Ağoğlan” məbədində ayin icra olunub, şamlar yandırılıb.
180 ildən sonra ilk dəfədir qədim Alban kiləsəsinin əsl varisləri tərəfindən ziyarət edildiyini söyləyən Alban-Udi icmasının sədr müavini Rafik Danakari deyib ki, Ağoğlan monastrı hələ xristian dinindən əvvəl mövcud olub. IV əsrdən Xristian məbədi kimi fəaliyyətə başlayıb. Çünki bu illərdə xrisitanlıq öz intibah dövrünü yaşayıb. Qafqaz Albaniyasında Çar Urnayr tərəfindən Xristianlıq dövlət dini elan edilib. Ona görə Xristianlıq burada yaşayan xalqların da inanc yeri olub. Məbəddə mərhələlərlə tikinti işləri görülüb. 1779-cu ildə əsas kilsə binası və Zəng qülləsi inşa edilsə də, tikililərə dair sənədlər sonralar yoxa çıxıb. 1828-ci ildə ermənilərin kütləvi halda Azərbaycan ərazisinə köçürülməsindən sonra onlar bu kilsədən istifadə etməyə başlayıblar. 1992-ci ildə xəyanətkar qonşularımız Azərbaycanın əzəli torpaqlarında fitnəkar əməllərinə davam edərək, bu məbəddə də bir sıra dəyişiklər aparıb, tikilini erməni kilsəsi kimi təqdim etməyə çalışıblar.
Rafik Danakari onu da diqqətə çatdırıb ki, düşmən işğal zamanı monastırın mehrabını təhrif edib. Belə ki, Alban məbədlərində mehrab 3, erməni kilsələrində isə 5-6 pilləkən hündürlüyündə olsa da, ermənilər burada dəyişiklik edərək mehrabı daha hündür ediblər. Xaç daşlarını dəyişib, divarlara erməni xaçları çəkiblər. Lakin binanın konstruksiyasından açıq-aydın görünür ki, bura alban məbədidir.
Azərbaycanın tolerant ölkə olduğunu söyləyən icmanın sədr müavini qeyd edib ki, bütün məscidlər, kilsələr və sinaqoqlar Azərbaycan xalqının irsidir. “Allaha şükürlər etdik ki, müharibə bitdi, torpaqlarımız işğaldan azad olundu. Biz məbəddə Qarabağ müharibəsində şəhid olanlar üçün dualar oxuduq, yaralıların şəfa tapmasını arzuladıq”, - deyə o əlavə edib.
Qeyd edək ki, erməni vandalizminin qurbanı olan abidələrimizdən biri də “Ağoğlan” monastırıdır. Bu monastır Ağoğlan çayının sahilində, Laçın şəhərinə yaxın ərazidə yerləşir və V-VI əsrlərə aid bazilikadır.
VII əsrdə ərəb istilasının başlanmasınadək Laçın ərazisi Alban dövlətinin tərkibində olub. Abidə müxtəlif vaxtlarda uçqun və dağıntılara məruz qaldığından IX əsrdə yenidən inşa edilərək forma etibarilə monastır üslubuna uyğunlaşdırılıb.
Laçın rayonu 1992-ci ildə Ermənistan tərəfindən işğal olunduqdan sonra burada Azərbaycan türklərinin minilliklər ərzində yaratdığı tarixi və mədəni abidələr erməni vandalizmi nəticəsində yerlə-yeksan edildi. Azərbaycanın qədim türk boylarına, həmçinin Alban dövlətinə aid abidələri dağıdıldı. Alban kilsələri ciddi saxtakarlıqlara məruz qalaraq erməni kilsələrinə çevrildi. “Ağoğlan” monastırı da belə saxtakarlığa uğradı. Ermənilər monastırı özününküləşdirmək üçün onun memarlıq quruluşu və interyerinə qeyri-qanuni olaraq dəyişiklik ediblər.