REGİONLAR
“Bankçılıqda ilk addım və sığortanın mahiyyəti” mövzusunda tədbir keçirilib
Naxçıvan, 6 mart, AZƏRTAC
Muxtar respublikada rəqəmsal ödəniş infrastrukturunun inkişaf etdirilməsi, yeni xidmətlərin tətbiqi, rəqəmsal ödənişlər üzrə maarifləndirmə və təbliğatın gücləndirilməsi istiqamətində bir sıra tədbirlər keçirilir. “Naxçıvan” Universitetində “Bankçılıqda ilk addım və sığortanın mahiyyəti” mövzusunda tədbirin keçirilməsində də əsas məqsəd savadlı, peşəkar iqtisadyönümlü mütəxəssislərinin hazırlanmasına dəstəkdir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu fikirləri “Naxçıvanbank” və “Naxçıvansığorta” Açıq Səhmdar cəmiyyətlərinin təşkilatçılığı ilə “Bankçılıqda ilk addım və sığortanın mahiyyəti” mövzusunda keçirilən tədbirdə “Naxçıvan” Universitetinin rektoru, dosent Nurlana Əliyeva səsləndirib.
“Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Azər Məmmədov çıxışında bildirib ki, muxtar respublikada fəaliyyət göstərən ən böyük banklardan biri də “Naxçıvanbank”dır. Bank bir çox beynəlxalq pul köçürmələri sistemləri ilə əməkdaşlıq edir. Həmçinin muxtar respublika ərazisində 43 bankomat, 68 ödəmə terminalı, 934 POS-terminalla bu sahədə liderdir. Bank müştərilərə ən müasir və rahat şəraitdə xidmət etmək üçün daim özünü yeniləmək, inkişaf etdirmək üçün çalışır. Buna misal kimi, ən müasir sistem olan “İnternet bankinq” xidmətini göstərmək olar. İşlərin texniki tərəfinin yaxşılaşdırılması ilə yanaşı, kadr potensialının artırılması, yenilikçi, savadlı, intellektli və kreativ kadrların “Naxçıvanbank” ASC-də işlə təmin edilməsi və onların peşəkarlığının artırılması da əsas prioritet istiqamətlərindəndir. Bu gün keçirilən tədbirin əsas məqsədlərindən biri də Naxçıvanbank üçün kadr ehtiyatı yaratmaq, fərqlənən gəncləri gələcəkdə öz sıralarımızda görməkdir.
İki hissədən ibarət olan tədbirin təlim hissəsində “Naxçıvanbank” və “Naxçıvansığorta” ASC-nin peşəkar əməkdaşları müxtəlif mövzulara toxunaraq, tələbələri bank və sığorta sektoru ilə tanış edib, bank karyerası üçün vacib bir sıra praktik bilik və tövsiyələr verib, iş həyatında qazandıqları təcrübələri onlarla bölüşüblər. Tədbirin müzakirə hissəsində tələbələri maraqlandıran suallar cavablandırılıb.
Sonda fərqlənən tələbələr arasından 7 nəfər seçilib və onların 5-i “Naxçıvanbank”, 2-si isə “Naxçıvansığorta” ASC-nin müxtəlif şöbələrində 15 günlük təcrübə keçmək şansı əldə ediblər.