MƏDƏNİYYƏT
Respublika Gənclər Kitabxanası unudulan sənətkarları yenidən izləyicilərlə görüşdürür
Bakı, 9 aprel, AZƏRTAC
Respublika Gənclər Kitabxanası unudulmuş sənətkarların yenidən gündəmə gətirilməsi, onları gənc nəslə tanıtmaq məqsədilə “Unudulan sənətkarlar” layihəsini həyata keçirməyə qərar verib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində Azərbaycan mədəniyyət sahəsinin çox istedadlı, lakin buna baxmayaraq unudulmuş sənətkarları haqqında silsilə xarakterli videoçarxlar hazırlanıb. Bunlara misal olaraq rəssam, aktyor Elçin Məmmədov, gözəlliyi ilə yüzlərlə insanın qəlbini fəth etmiş, aktrisa İnare Quliyeva, bənzərsiz səsə malik ekranın cazibəli aktyoru Müxlis Cənizadə, kiçik rolların məharətli ifaçısı Məmmədsadıq Nuriyev və s. haqqında hazırlanan videoçarxların adlarını çəkmək olar. Bu videomaterialların hər birində bu və ya digər kino ustasının həyat və yaradıcılığı, sənətə gəlişi, bu sənətdə qazandığı uğurları və sonrakı taleyi haqqında dolğun məlumat verilir. Videoçarxlarda səsli məlumatlarla yanaşı, aktyorların yer aldıqları filmlərdən parçalar da nümayiş etdirilir. Bütövlükdə kitabxana əməkdaşları tərəfindən hazırlanan bu videoçarxlar unudulan sənət adamlarının, istedadlı kino aktyorlarının böyüməkdə olan gənc nəslə tanıdılması üçün çox faydalı bir materialdır.
İstifadəçilər “Unudulan sənətkarlar” aksiyası çərçivəsində hazırlanan videomaterialları kitabxananın sosial şəbəklərindən izləyə bilərlər.