MƏDƏNİYYƏT


Böyük Britaniyada BAFTA mükafatının təqdimetmə mərasimi keçirilib

Bakı, 12 aprel, AZƏRTAC

Böyük Britaniyada BAFTA (Britaniya Kino və Televiziya Sənəti Akademiyası) laureatlarının 74-cü mükafatlandırma mərasimi baş tutub.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, tarixdə ilk dəfə olaraq təqdimetmə mərasimi koronavirus pandemiyası səbəbindən iki gün ərzində və online formatda keçirilib.

Mərasimin ənənəvi olaraq keçirildiyi “Royal Albert Hall” sarayında yalnız aparıcılar səhnəyə çıxıb, iştirakçılar isə videozəng vasitəsilə mərasimə qoşulub.

Tədbirin mütləq qalibi Hloya Çjaonun “Köçərilərin torpağı” filmi olub. 60 yaşlı Fern adlı işsiz qadından bəhs edən kino əsəri “Ən yaxşı film”, “Ən yaxşı qadın rolu” (Frensis Makdormand), “Ən yaxşı rejissor işi” və “Ən yaxşı operator işi” nominasiyalarında “Tunc maska” mükafatını qazanıb.

Hloya Çjao BAFTA tarixində 2010-cu ildə “Qasırğa hökmdarı” filminə görə təltif edilən amerikalı Ketrin Biqeloudan sonra rejissor işinə görə mükafat alan ikinci qadın olub.

Entoni Hopkins “Ata” dramındakı roluna görə “Ən yaxşı kişi rolu” mükafatına layiq görülüb. Bu film, həmçinin “Ən yaxşı adaptasiya olunan ssenari” mükafatını da qazanıb.

“Ən yaxşı animasiya filmi” mükafatı Pit Dokterin “Qəlb” ekran əsərinə təqdim olunub. Cizgi filmi, həmçinin “Ən yaxşı orijinal saundtrek” prizini də əldə edib.

Rejissorlar Pippa Erlix və Ceyms Ridin Cənubi Afrikada osminoqla qeyri-adi dostluqdan bəhs edən və sualtı sakinlərin sirlərini açan “Müəllimim osminoq” əsəri “Ən yaxşı sənədli film” nominasiyasının qalibi olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.