CƏMİYYƏT
Baramaçılıq üzrə özünüməşğulluq proqramına qoşulmaq üçün müraciətlərin qəbuluna başlanılıb
Bakı, 12 aprel, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi özünüməşğulluq proqramına dəstək məqsədilə birgə “Baramaçılığın inkişafına dəstək” layihəsinə başlayır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, 20 nəfərin cəlb olunacağı layihə pilot olaraq baramaçılıq üçün əlverişli olan 4 rayonu (Bərdə, Kürdəmir, Yevlax və Şəmkir) əhatə edir.
Layihə iştirak etmək üçün bir sıra tələblər müəyyənləşdirilib:
Barama istehsalına istək və təcrübə olmalıdır;
Əmlakdan təyinatına uyğun istifadə edilməli, kümxana salınıb təhvil verildikdən sonra ipəkqurdlarına düzgün qulluq göstərilməlidir;
Kümxana təhvil verildikdən sonra onun saxlanmasına iştirakçı bilavasitə məsuliyyət daşıyır;
Podratçının və yerli məşğulluq mərkəzlərinin nümayəndələrinə monitorinq keçirilməsinə, təhvil-təslim edilməsinə, video və foto çəkilişlərin aparılmasına şərait yaradılmalıdır;
Təhvil verilmiş əmlakın 1 il ərzində üçüncü şəxslərin istifadəsinə və sərəncamına verilməsi qadağandır.
Layihəyə müraciət edən şəxslərə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təlimlər keçiriləcək və sonra onlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən baramanın saxlanılması üçün kümxana, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən isə ipəkqurdu ilə təmin ediləcəklər.
Layihəyə cəlb edilən namizədlərin qiymətləndirilməsi zamanı onların aztəminatlılıq meyarlarına uyğunluğu əsas götürüləcək. Layihənin icrası zamanı şəhid ailələrinə, qazilərə, habelə sosial cəhətdən həssas kateqoriyadan olan digər şəxslərə üstünlük verilir.
Proqrama müraciət etmək istəyənlər müvafiq Ərazi Məşğulluq Mərkəzlərinə müraciət edə bilərlər.
Layihədə iştirak üçün aprelin 25-dək müraciət etmək olar.