CƏMİYYƏT
Tibb Universitetinin kafedra müdirləri beynəlxalq elmi akademiyanın medalına layiq görülüblər
Bakı, 12 aprel, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin (ATU) iki əməkdaşı, görkəmli alimlər Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçiliblər.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ATU-nun patoloji anatomiya kafedrasının müdiri, Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji anatomiya” Birliyinin baş direktoru, professor Ədalət Həsənov Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib. Professor, həmçinin akademiyanın “Beynəlxalq qızıl ulduz” medalı ilə də təltif edilib.
Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan təmsilçisi, professor Elçin İsgəndərzadə akademiyaya üzvlük diplomunu və qızıl medalı alimə təqdim edib, bu elmi nailiyyət münasibətilə professor Ədalət Həsənovu təbrik edib.
ATU-nun ümumi gigiyena və ekologiya kafedrasının müdiri, professor Mirzə Kazımov da “Türk Dünyasının elminə və təhsilinə mühüm xidmətlərinə görə” bu qurumun həqiqi üzvü seçilib. Akademiyanın 2021-ci il 23 fevral tarixli qərarı ilə professor həmin elmi qurumun “Beynəlxalq qızıl ulduz” medalı ilə təltif edilib.