CƏMİYYƏT
AQTİ mütəxəssisləri pestisid qalıqları və mikotoksinlərin analizi üzrə beynəlxalq təlimlərə cəlb olunub
Bakı, 21 aprel, AZƏRTAC
Qida təhlükəsizliyi sahəsində kadr potensialının gücləndirilməsi və laboratoriya əməkdaşlarının peşəkarlığının artırılması məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTI) mütəxəssislərinin mütəmadi olaraq yerli və beynəlxalq təlimlərdə iştirakı təmin edilir.
İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən AZƏRTAC-a verilən məlumata görə, əməkdaşlar üçün növbəti təlim Avropa İttifaqı tərəfindən maliyyələşdirilən tvinninq layihəsi çərçivəsində latviyalı mütəxəssislər Vadims Bartkeviçs və İveta Pugayeva tərəfindən keçirilib.
Pestisid qalıqları və mikotoksinlərin analizi üzrə keçirilən təlimdə nümunələrin götürülməsi, pestisid qalığı və mikotoksinlərin analizi, həmçinin qida sahəsində validasiya və akkreditasiya üçün tələb olunan metodologiya üzrə təcrübə mübadiləsi aparılıb.
İki gün davam edən beynəlxalq təlimdə təlimçilər və iştirakçılar arasında mövzu ilə bağlı müzakirələr aparılıb, mütəxəssislərin sualları cavablandırılıb.