CƏMİYYƏT


Kazanda Rusiya-Azərbaycan beynəlxalq dialoq platforması yaradılıb

Moskva, 22 aprel, AZƏRTAC

Kazanda Rusiya-Azərbaycan beynəlxalq dialoq platforması yaradılıb. Bu çərçivədə aprelin 23-24-də keçiriləcək “Rusiya-Azərbaycan: millətlərarası və konfessiyalararası həmrəyliyin tarixi təcrübəsi” mövzusunda beynəlxalq konfrans ilk tədbir olacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə “Tatar-inform” informasiya agentliyinə müsahibəsində Azərbaycandakı “Tatarıstan” İctimai Birliyi sədrinin müavini, ictimai xadim və “Salam Tatarıstan” beynəlxalq layihəsinin rəhbəri Emin Ramazanov bildirib.

O deyib: “Beynəlxalq konfrans kimi məkan formatı Azərbaycan və Rusiya xalqlarının sıx əməkdaşlığı üçün strateji və mühüm hadisədir. Azərbaycan, o cümlədən təxminən 30 min tatarın yaşadığı çoxmillətli qonaqpərvər ölkədir. Tatarıstan və Azərbaycanın mədəni əməkdaşlığının inkişafına Tatarıstan diasporu da öz böyük töhfəsini verir”.

E.Ramazanov qeyd edib ki, tədbir çərçivəsində “Sülh qurulmasında konfessiyalararası dialoqun rolu və xüsusiyyətləri. Könüllülüyün sosial praktikasına dinlərin təsiri”, “Rus dili - Avrasiya və beynəlxalq kommunikasiyalar dili, Bakıdan baxış”, “İnformasiya, elm və təhsil sahəsi: qarşılıqlı fəaliyyətin perspektivləri” mövzusunda dəyirmi masaların keçirilməsi planlaşdırılır.

“Yaradıcılığı bağlayan tellər, təcrübənin gələcək nəsillərə ötürülməsi” adlı Rusiya və Azərbaycanın xalq sənəti nümunələrindən ibarət sərginin təşkili də nəzərdə tutulur. Həmçinin “Xəzər sahilində...” adlı rus dilində ən yaxşı şeir müsabiqəsinə yekun vurulacaq.

Kazan Federal Universitetinin Konfliktologiya kafedrasının müdiri və “Mərkəzi Asiya Tədqiqatları İnstitutu” qeyri-kommersiya təşkilatının elmi proqramlarının rəhbəri Andrey Bolşakov agentliyə müsahibəsində bildirib ki, iki ölkənin əməkdaşlığının inkişafı üçün müxtəlif platformaların olması mühümdür. O deyib: “Bu görüşlər Bakıda da, Moskvada da keçirilə bilər. Lakin regional platformalar da çox əhəmiyyətlidir. Onlardan biri də “Mərkəzi Asiya Tədqiqatları İnstitutu” qeyri-kommersiya təşkilatının platforması və qarşıdakı konfransdır. Bu konfrans qarşılıqlı fəaliyyət göstərə biləcək koordinatları, yaxınlaşma nöqtələrini tapa bilməyimiz üçün nəzərdə tutulub”.

Andrey Bolşakovun sözlərinə görə, Azərbaycan Cənubi Qafqazın ən iri və inkişaf etmiş dövlətidir. Rusiya ilə uzun müddətdir uğurla əməkdaşlıq edir. Tatarıstan isə birgə tədbirlərin keçirilməsi üçün məkan qismində tez-tez çıxış edir. O deyib: “Biz tarixən bağlıyıq. Tatarıstanda Azərbaycan icması çoxsaylı icmalardan biridir. İnsanlar burada yaşayır və işləyir, Rusiyanın vətəndaşlarıdırlar. Kazan Federal Universiteti ilə Azərbaycan universitetləri arasında müqavilə və memorandumlar imzalanıb”.

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.