REGİONLAR
Azərbaycanın şahmat tarixində ölkə çempionatı ilk dəfə olaraq Bakıdan kənarda – Naxçıvanda keçirilir
Naxçıvan, 4 may, AZƏRTAC
Şahmat üzrə Azərbaycan çempionatı bir qayda olaraq Bakı şəhərində keçirilib. Ancaq Naxçıvan Muxtar Respublikasındakı mövcud infrastruktur və qazanılan zəngin təcrübə burada istənilən səviyyədə yarışların keçirilməsinə imkan verdiyi üçün çempionat şahmat tarixində ilk dəfədir ki, Bakıdan kənarda - Naxçıvanda təşkil olunur.
Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov deyib.
Faiq Həsənov qeyd edib ki, bir müddət əvvəl muxtar respublikada kişilər arasında çempionat çox yüksək səviyyədə təşkil edilib. Yarışda Naxçıvanın 12 ən güclü şahmatçısı mübarizə aparıb. Oyunlar internet vasitəsilə canlı yayımlanıb. Buna görə də ölkəmizin və dünyanın şahmat həvəskarları bu oyunları izləyə biliblər. Ötən illərdə isə hər ilin may ayında muxtar respublikada beynəlxalq şahmat yarışları ən yüksək səviyyədə keçirilib. Yarışlarda iştirak edən xarici ölkələrin şahmatçıları da dəfələrlə vurğulayıblar ki, təşkilatçılıq kifayət qədər yüksək səviyyədə olub. Bütün bunları nəzərə alaraq ölkə çempionatının Naxçıvanda keçirilməsi qərara alınıb.
Bu gün şahmatın muxtar respublikada ən yüksək səviyyədə inkişaf edən idman növlərindən birinə çevrildiyini deyən Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti bildirib ki, ötən müddət ərzində Naxçıvan şahmatçıları çox yüksək nailiyyətlərə imza atıblar. Yeddi-səkkiz il bundan əvvəl muxtar respublikada FIDE titullu bir şahmatçı var idisə, son illər görülən işlər nəticəsində burada beynəlxalq qrossmeyster, beynəlxalq usta, FIDE ustası və beynəlxalq hakimlər, beynəlxalq yarışlarda yüksək yerlər tutan şahmatçılar yetişib. Naxçıvanda bütün orta məktəblərdə şahmatın bir fənn kimi tədris edilməsi yaxşı bir nümunə olmaqla yanaşı, şahmatın inkişafına da öz töhfəsini verib.
Faiq Həsənov vurğulayıb ki, budəfəki ölkə çempionatında çox güclü şahmatçılar iştirak edirlər. İlk dəfədir ki, yarışa qatılan 12 şahmatçıdan 8-i beynəlxalq qrossmeysterdir. Son illərdə Azərbaycan şahmatında yüksək nəticələr əldə edildiyinə görə, Avropa Şahmat İttifaqı bizə etimad göstərib. Belə ki, kişilərdən ibarət Azərbaycan çempionatının qalibi birbaşa dünya kubokuna vəsiqə qazanacaq. Bu amil güclü şahmatçılar üçün stimuldur. Bu, həm də Azərbaycan şahmat tarixində bir ilkdir.
Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti qeyd edib ki, muxtar respublikada keçirilən şahmat üzrə ölkə çempionatına böyük ictimai maraq var. Buna görə də oyunların onlayn şəkildə dünyanın hər yerində izlənilməsinə şərait yaradılıb. Çempionatın nəticələri ilə bağlı məlumatlar ölkə mediası ilə yanaşı, dünya şahmat mətbuatında da geniş işıqlandırılacaq.