SİYASƏT
Ukraynada 416-cı Taqanroq diviziyasının şərəfinə ucaldılmış abidə önündə tədbir keçirilib
Nikolayev, 10 may, AZƏRTAC
Ukraynanın Nikolayev vilayətinin Besarabka kəndində İkinci Dünya müharibəsində azərbaycanlılardan ibarət 416-cı Taqanroq diviziyasının şərəfinə ucaldılmış abidə önündə faşizm üzərində qələbənin 76-cı ildönümü münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə abidəni ucaldan, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) Nikolayev vilayəti üzrə sədri Yunus Əliyev, BUAK sədri Rövşən Tağıyev, Azərbaycanın Ukraynadakı səfirliyinin hərbi atteşesi, polkovnik İlqar Ağayev, BUAK-ın Odessa vilayəti üzrə nümayəndəliyinin təmsilçisi Fazil Əskərov, Nikolayev vilayəti yəhudi icmasının sədri Semyon Belıy, Nikolayev şəhər millətlər şurasının rəhbəri Anar Axundov, yerli deputat Oleq İzman, daxili işlər orqanı veteranları və digər yerli ictimaiyyət nümayəndələri iştirak ediblər.
Giriş sözü ilə çıxış edən Yunus Əliyev 416-cı Taqanroq divizyasının döyüş yolundan və 2012-ci ildə abidənin qoyulması tarixindən danışıb.
Sonra Rövşən Tağıyev çıxış edərək deyib ki, İkinci Dünya müharibəsində müxtəlif millətlər faşizmə qarşı döyüşərək həlak olub, bunların da bariz nümunələrindən biri azərbaycanlılardan ibarət 416-cı Taqanroq diviziyasıdır.
Hərbi attaşe polkovnik İ. Ağayev də çıxışında divizyanın döyüş yolundan, o cümlədən ötən il Azərbaycan Ordusunun torpaqları erməni işğalçılarından azad etməsindən danışıb. Çıxışlarda faşizmə qarşı qələbənin tarixi əhəmiyyəti vurğulanıb, həlak olanların xatirəsinə ehtiram ifadə edilib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Nikolayev