CƏMİYYƏT
Özbəkistan portalında “Özbəkistan-Azərbaycan dostluğunu möhkəmləndirən sima” sərlövhəli məqalə yerləşdirilib
Daşkənd, 11 may, AZƏRTAC
Özbəkistanın “ishonch.uz” portalında özbək dilində “Özbəkistan-Azərbaycan dostluğunu möhkəmləndirən sima” sərlövhəli məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, materialda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan xalqı və dövlətçiliyi yolunda misilsiz xidmətləri haqqında məlumat verilir.
Məqalədə 1991-ci ildə müstəqilliyini yenidən qazanan Azərbaycanın düşdüyü çətin siyasi və iqtisadi durum, vəziyyətin gündən-günə pisləşməsi ilə üz-üzə qalan o zamankı Azərbaycan rəhbərliyinin Heydər Əliyevi siyasi hakimiyyətə dəvət etdiyi xüsusi vurğulanır.
Yazıda Azərbaycanın Prezidenti seçildikdən sonra Heydər Əliyevin həyata keçirdiyi siyasi və iqtisadi islahatlar nəticəsində ölkədə dövlət hakimiyyətinin möhkəmlənməsi, qanunsuz silahlı qrupların tərksilah edilməsi, siyasi-iqtisadi sabitliyin bərqərar olunması, dünya gücləri və region ölkələri ilə əməkdaşlığa əsaslanan balanslaşdırılmış xarici siyasət xəttinin formalaşması öz əksini tapıb.
Materialda Heydər Əliyevin Azərbaycanın milli və mənəvi dəyərlərinin qorunmasına çox önəm verdiyi bildirilir. Yazıda deyilir ki, dünya şöhrətli siyasətçi Heydər Əliyev Özbəkistan-Azərbaycan münasibətlərinin dostluq və əməkdaşlıq ruhunda qurulması və inkişaf etdirilməsində mühüm rol oynayıb.
Material Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə çap olunub.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd