MƏDƏNİYYƏT
Deputat: “Xarıbülbül” festivalı ölkəmizdə fərqli mədəniyyətlərə malik xalqların həmrəyliyinin ifadəsi idi
Bakı, 16 may, AZƏRTAC
“Xarıbülbül” musiqi festivalı dövlət rəhbərliyinin siyasi iradəsi və müdrikliyi, Azərbaycan xalqının əzmi, ordumuzun şücaəti nəticəsində qazanılmış tarixi qələbənin əhəmiyyətini bir daha dünyaya nümayiş etdirdi. Bu festival ölkəmizdə müxtəlif dini konfessiyaların, fərqli mədəniyyətlərə malik xalqların həmrəyliyinin ifadəsi idi.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov deyib.
Deputat bildirib ki, Heydər Əliyev Fondunun təşkil etdiyi festivalın yüksək səviyyədə keçirilməsi bir daha Azərbaycan xalqının öz tarixinə, milli-mənəvi dəyərlərinə yüksək önəm verdiyini göstərir.
Soltan Məmmədov Şuşanın Azərbaycan xalqının tarixi yaddaşında xüsusi yerə malik olduğunu vurğulayıb. Qeyd edib ki, Azərbaycan Prezidentinin Şuşanı mədəniyyət paytaxtı elan etməsi bu şəhərin tarixində yeni bir dövrün başlandığını göstərir: “Vətən müharibəsində qazanılmış Zəfər Azərbaycan tarixinin ən böyük qələbələrindən biridir. 10 noyabr bəyanatından sonra bütün regionun mənzərəsi dəyişib. Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi, Cənubi Qafqazda yeni təhlükəsizlik formatının yaranması, kommunikasiyaların açılması istiqamətində atılan addımlar yeni bir dövrün başlaması deməkdir. Bu baxımdan işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işlərinin həm Azərbaycan, həm də bütün region üçün xüsusi əhəmiyyəti var”.
Milli Məclisin deputatı qeyd edib ki, bəzi qüvvələrin kommunikasiyaların açılmasına maneələr yaratmaq cəhdləri uğursuzluğa məhkumdur. Çünki geosiyasi proseslərin inkişafı 10 noyabr bəyanatında əksini tapmış bu müddəanın icrasının qaçılmaz olduğunu diktə edir: “Hesab edirəm ki, Ermənistanda səslənən revanşist bəyanatların arxasında reallıq hissini itirmiş, emosiyalara əsaslanan düşüncə tərzi dayanır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi artıq həll olunub. İndiki şərtlərdə kommunikasiyaların açılması nəinki Azərbaycan və Ermənistanın, eyni zamanda bölgəyə ciddi təsir imkanlarına malik regional güclərin də marağındadır. Hər kəsin marağına qarşı getmək onsuz da acınacaqlı durumda olan Ermənistana yaxşı heç nə vəd etmir. Bunu Ermənistanın siyasi elitası nə qədər tez anlasa, bir o qədər yaxşıdır”.
Soltan Məmmədov Vətən müharibəsində qazanılmış qələbədə Azərbaycanda yaşayan bütün xalqların töhfəsinin olduğunu vurğulayıb. Bildirib ki, Azərbaycanda mövcud olan dini, etnik tolerantlıq tarixi ənənələrə əsaslanır və Azərbaycan xalqının, dövlətinin gücünü artıran ən mühüm amillərdən biridir.