MƏDƏNİYYƏT
Respublika Gənclər Kitabxanası növbəti videoçarxı istifadəçilərə təqdim edib
Bakı, 18 may, AZƏRTAC
Respublika Gənclər Kitabxanası 18 may - Beynəlxalq Muzeylər Günü münasibətilə istifadəçilərinə dünyanın ən maraqlı muzeylərinə virtual səyahətlər təşkil edib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, istifadəçilər kitabxana əməkdaşları tərəfindən hazırlanan videoçarxlar vasitəsilə bu virtual səyahətlərə qoşulmaq imkanı qazanıb. “Muzeylər aləmində” silsiləsi çərçivəsində dünyanın ən məşhur muzeyləri olan Luvr və Britaniya muzeyi, Sankt-Peterburqun “Ermitaj”, Nyu-York şəhərinin incisi olan “Metropoliten”, Bakıda yerləşən Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi və s. muzeylər haqqında biri – birindən maraqlı və faydalı məlumatlarla zəngin videoçarxlar hazırlanıb.
Videoçarxların hər biri kiçik virtual səyahəti xatırladır və izləyici üçün maraqlı ola biləcək dinamik formada sərgilənərək qısa zaman kəsiyində izləyicidə bu və ya digər mədəniyyət ocağı olan muzey haqqında tam formalaşmış bir təsəvvür yaradır. Videoçarxlarda muzeylərin yaranma tarixi, yerləşdikləri coğrafiya, aktuallıq səviyyəsi və səbəbi, burada sərgilənən əsərlər haqqında geniş məlumat verilir, bir sıra maraqlı faktlar səsləndirilir. Video çarxlara xüsusi maraq qatan nüans burada muzeylərin görüntülərinə geniş yer verilməsidir. Respublika Gənclər Kitabxanası tərəfindən təşkil edilən “Muzeylər aləmində” silsiləsi çərçivəsində hazırlanan videomateriallar pandemiya şəraitində dünya və yerli muzey incilərini izləməkdən məhrum olan istifadəçilər üçün əsl hədiyyədir.
Sözügedən materiallar kitabxananın sosial şəbəkələrində və “youtub” kanalında da yerləşdirilib.