SİYASƏT


“Musulmansenfrance” portalında Fransanın qərəzli mövqeyi ilə bağlı “Azərbaycan-Ermənistan: yalanlar və vəzifə cinayətləri” adlı məqalə dərc olunub

Paris, 28 may, AZƏRTAC

Cənubi Qafqaz strateji və iqtisadi baxımdan əsas regiondur. Artıq tərəflərin birgə sülh şəraitində yaşamasının vaxtıdır, səs-küylü Paris ara qızışdırıcıları buna töhfə verməyəcəklər. Qoyun, Azərbaycan və Ermənistan öz gələcəklərini birlikdə qursunlar.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Fransa Milli Elmi Tədqiqatlar Mərkəzinin (CNRS) islamşünas alimi, Paris Tədqiqatlar Ali Məktəbinin doktoru, bir çox beynəlxalq tədqiqat qruplarının üzvü Karim İfrakın Azərbaycana səfərindən sonra yazdığı və “musulmansenfrance” portalında dərc etdirdiyi “Azərbaycan-Ermənistan: yalanlar və vəzifə cinayətləri” adlı məqaləsində yer alıb.

Müəllif bildirib ki, əhalisinin əksəriyyəti beynəlxalq hüququ dəstəkləyən, üstəlik münaqişənin həlli üçün yaradılan qrupun həmsədri olan Fransa digər ölkələrdən fərqli olaraq, separatçıları, eləcə də erməni baxışlarını kor-koranə dəstəkləyən yeganə ölkələrdən biridir. Bu ölkədə Azərbaycan bütün debatlardan kənarlaşdırıldı, saxta xəritələr önündə editorialistlər nə gəldi yazdılar, xüsusilə də ölkə iyerarxiyasında yuxarıların tutduğu qərəzli mövqe aşağılar tərəfindən də kor-koranə dəstəkləndi.

Ölkə mətbuatında gedən debatlara nə Qafqaz üzrə ixtisaslaşmış tarixçilər, nə də Azərbaycan nümayəndəsi dəvət olunur, yalnız erməni nümayəndələri çıxış edir. Regiona heç vaxt ayaq basmayan, reallıqdan uzaq insanlar absurd petisiyaları imzaladılar. Belə bir şəraitdə fransız oxucuları və ya televiziya tamaşaçıları necə aydın fikir formalaşdıra bilərdi? Parisin nüfuzlu həftəlik qəzetinin müxbiri öz istəyi ilə döyüş zonasına getdi, sonra yazdığı məqaləsində ermənilərin Qarabağa muzdluları gətirmələrini pislədi.

“İstədiyiniz yerə getməyiniz sərbəst oldumu? Hansısa bir muzdlu gördünüzmü?, - deyə soruşan Azərbaycanın səlahiyyətli nümayəndəsinə jurnalist cavab verərək deyir: “Bəli, sərbəst hərəkət etdim. Xeyir, muzdlu görmədim, ancaq digər jurnalistlərin yazdığını təkrar etdim, əks-təqdirdə, məqaləm dərc edilməyəcəkdi”,- deyə fransız jurnalistin etirafını yazan müəllif bildirir ki, Ermənistan-Azərbaycan münaqişəsində jurnalistlərin işi, əslində, asan olmayıb. TF1 televiziya kanalının xüsusi müxbiri Lizeron Budul münaqişə zonasında gördüklərini dediyi üçün erməni qruplarının təzyiqinə məruz qaldığını və onun reportajının kanalın saytından erməni təzyiqi ilə silindiyini qeyd edib. Vurğulayıb ki, xüsusi müxbirin özü sosial şəbəkələrdə ölümlə hədələnib.

Məqalədə Fransada münaqişəyə dini don geyindirməyə cəhd olduğu da xüsusi qeyd edilib. Monoetnik Ermənistandan fərqli olaraq, Azərbaycanın dünyəvi və multikultural ölkə olduğu diqqətə çatdırılıb.

Ermənilərin Qarabağda ənənəvi olaraq yaşamadığını və buraya sonradan köçürüldüklərini yazan müəllif bildirir ki, 300 min azərbaycanlı Ermənistandakı doğma yurdundan qovulub. Münaqişəni Azərbaycan əsgərləri başlamayıb, hələ münaqişənin ilk günündən münaqişə zonasından uzaqda yerləşən Azərbaycanın mülki əhalisi Ermənistandan atılan raketlərin qurbanı olub.

Sonda müəllif Azərbaycanda olduqlarını və bu ölkənin sivilizasiyaların beşiyi, zəngin mədəniyyətə malik olduğunu və fransız rəsmilərinin mövqeyinə baxmayaraq fransız dilinin burada sevildiyinin şahidi olduğunu qeyd edib.

Müəllif məqaləsini “Qoy, bu şahidliyimiz öldürücü ideologiya üzərində ağılın qalib gəlməsinə töhfə versin” ifadəsi ilə bitirib.

 

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.