CƏMİYYƏT
17 milyon körpənin nəfəs aldığı havanın çirklənmə dərəcəsi beynəlxalq normalara görə yol verilən həddən 6 dəfə yüksəkdir
Bakı, 7 dekabr, AZƏRTAC
Bu gün bir yaşa çatmamış 17 milyon uşağın nəfəs aldığı havanın çirklənmə dərəcəsi beynəlxalq normalara görə yol verilən həddən 6 dəfə yüksəkdir. Bu körpələrin 12 milyonu Cənubi Asiya ölkələrində yaşayır.
AZƏRTAC xəbər verir ki, bu məlumatlar BMT Uşaq Fondunun (UNICEF) yeni məruzəsində əks olunub. Məruzənin müəllifləri vurğulayırlar ki, havanın keyfiyyətinin pisləşməsi uşaqların sağlamlığı üçün ciddi fəsadlar törədə bilər. Toksik hava uşağın beyninin inkişafına mənfi təsir göstərir. Havanın həddən artıq çirklənməsi balaca uşaqlarda ciddi respirator və onkoloji xəstəliklərə də səbəb ola bilər.
Havanın çirklənməsinin əsas mənbələri nəqliyyat, yanacağın və zibilin yandırılması, kömürlə işləyən elektrik stansiyalarının və sənaye müəssisələrinin işidir.
Ekspertlərin sözlərinə görə, uşaqların çirklənmiş havanın zərərli təsirindən qorunması həm onlar üçün vacib, həm də bütün cəmiyyətin maraqlarına aid məsələdir. Çoxsaylı tədqiqatların nəticələri uşaqların nəfəs aldığı havanın keyfiyyəti ilə onların təhsildə uğurları, habelə müxtəlif nevroloji xəstəliklərin inkişafı arasında əlaqəni müəyyən etməyə imkan verir.
Əldə olan məlumatlara görə, hətta ana bətnində ikən çirklənmiş havanın zərərli təsirinə məruz qalan uşaqlar da bundan zərər çəkirlər. Belə uşaqların zehni inkişaf göstəricisi (İQ) onların əlverişli şəraitdə böyüyən yaşıdları ilə müqayisədə dörd bənd aşağıdır.