REGİONLAR
Mingəçevir Dövlət Universitetində yaz imtahan sessiyası davam edir

Bakı, 17 iyun, AZƏRTAC
Mingəçevir Dövlət Universitetində (MDU) 2020/2021-ci tədris ilinin yaz semestrinin iyunun 3-dən başlayan onlayn imtahan sessiyası uğurla davam edir.
MDU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, universitetdə bütün imtahanlar “Microsoft Teams” platforması üzərindən virtual qaydada şifahi formada təşkil olunub.
İyunun 3-dən 14-dək davam edən ilk səkkiz imtahan günündə bakalavriat səviyyəsində 109 qrupda təhsil alan 1984 tələbənin 222 imtahanda iştirakı nəzərdə tutulurdu. Məsafədən keçirilən imtahanlarda cəmi 4 tələbə 1 fəndən “qeyri-kafi” qiymət alıb, 7 tələbə isə imtahanlarda iştirak etməyib. Tələbələr tərəfindən Apellyasiya Komissiyasına müraciət daxil olmayıb.
Magistratura səviyyəsində 13 qrup üzrə ümumilikdə 26 imtahan keçirilib. Magistrantların imtahanlarında 100 faiz iştirakçılıq və müvəffəqiyyət səviyyəsi qeydə alınıb.
Azərbaycan Respublikası təhsil nazirinin müvafiq əmrinin tələbləri çərçivəsində təşkil olunan sessiya ərzində İmtahan Qərargahının, “Qaynar xətt”in və Apellyasiya Komissiyasının məsafədən keçirilən imtahan prosesində adekvat formada fəaliyyət göstərməsi təmin edilib. Müəllimlərdən ibarət “İmtahanlara dəstək qrupu” və gənc əməkdaşlardan ibarət “Texniki dəstək qrupu” imtahan prosesinin səmərəli təşkilində mühüm rol oynayırlar. Mövcud reallıqlar nəzərə alınmaqla, müvafiq həssas yanaşmanın tətbiqi ilə müşayiət olunan imtahan sessiyasının mütəşəkkil təşkilində tələbə təşkilatlarının fəal tələbələri də yaxından iştirak edirlər.
Universitetdə yaz semestrinin imtahan sessiyası iyulun 5-dək davam edəcək.