REGİONLAR
Qax Aqroparkının arpa sahələrində orta məhsuldarlıq 52,8 sentner olub
Qax, 18 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Qax rayonunun təsərrüfatlarında taxıl biçini kampaniyası mütəşəkkil davam etdirilir. Cari mövsümdə rayonda 14 min 91 hektar taxıl sahəsinin məhsulunun biçilməsi nəzərdə tutulur. Taxıl əkinlərinin 10 min 36 hektarını buğda, 4 min 55 hektarını arpa sahələri təşkil edir. İndiyədək 3 min 454 hektar sahənin arpası biçilib, 11 min 269 ton məhsul tədarük olunub. Hər hektardan orta məhsuldarlıq 32,6 sentner təşkil edir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Eyvaz Aslanov məlumat verib.
Qurum rəsmisinin sözlərinə görə, arpa sahələrində rayon üzrə ən yüksək məhsuldarlıq Qax Aqroparkında qeydə alınıb. Belə ki, burada hər hektar arpa sahəsindən 52,8 sentner məhsul götürülüb. Ağyazı və Qaşqaçay kəndlərinin təsərrüfatlarında isə hər hektardan orta məhsuldarlıq 40 sentner təşkil edib.
Təsərrüfatlarda buğda biçininə bir neçə gündən sonra başlanılacaq.