REGİONLAR


Aparılan arxeoloji tədqiqatlar Basqalın tarixinə dair yeni faktları üzə çıxarıb

İsmayıllı, 18 iyun, Adil Ağayev, AZƏRTAC

“Basqal Dövlət Tarixi Mədəniyyət Qoruğu haqqında“ Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 3 oktyabr tarixli Sərəncamından irəli gələn vəzifələrə uyğun olaraq, Dövlət Turizm Agentliyinin sifarişi əsasında 2019-cu ilin oktyabr ayında təşkil olunan AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu Basqal arxeoloji ekspedisiyası tərəfindən Basqalın “Qalabaşı” ərazisində qala divarları və Basqal hamamının kürəbəndi qismən öyrənilib, yerli əhali arasında Şeyx Məhəmməd məscidi adı ilə tanınan Basqal məscidi ərazisində və ətrafında əsaslı tədqiqat aparılıb.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Basqal arxeoloji ekspedisiyasının rəhbəri, tarix elmləri doktoru, professor Qafar Cəbiyev bununla bağlı AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında deyib: “Tədqiqat nəticəsində məscid daxilində minillik bir dövrü əhatə edən zəngin mədəni təbəqə olduğu müəyyənləşib. Maraqlıdır ki, Basqal yaşayış yerinin mədəni təbəqəsi 6 tikinti qatından ibarətdir. Bəzi nöqtələrdə isə tikinti qatlarının sayı hətta 7-8-ə çatır. Bu isə o deməkdir ki, Basqalda X əsrdən başlayaraq 1000 il ərzində təqribən hər 120-150 ildən bir mövcud tikililər dövriyyədən çıxıb və onların üzərində yeni tikililər meydana gəlib. Diqqət çəkən məqamlardan birisi də odur ki, arxeoloji cəhətdən öyrənilən ərazi bütün dövrlərdə sıx yaşayış sahəsi olub”.

Qafar Cəbiyev bildirib ki, tikinti qatlarının davamlı olaraq biri digərini əvəzləməsi və hər bir tikinti qatının əsas və yardımçı tikililərlə sıx örtülməsi amili ərazinin arxeoloji cəhətdən öyrənilməsini xeyli çətinləşdirib. Bu səbəbdən, Şeyx Məhəmməd məscidi daxilində heç də bütün nöqtələrdə qazıntını qruntadək davam etdirmək mümkün olmayıb. Yalnız bəzi hissələrdə tədqiqatlar qrunta, yəni, xam torpaq qatına qədər davam etdirilib. Hansı ki, həmin nöqtələrdə qazıntının dərinliyi, başqa sözlə, mədəni təbəqənin qalınlığı 2,5 metr təşkil edib. Birinci, yəni ən altdakı tikinti qatında X-XI əsrlərə aid keramika qalıqları qeydə alınıb. Həmin tikinti qatında aşkar olunan tapıntılar içərisində daha çox diqqəti cəlb edən orada qeydə alınan möhtəşəm divar qalıqlarıdır. Əfsusular olsun ki, sonrakı dövrlərə aid tikintilər inşa edilərkən alt tikinti qatlarındakı erkən dövrə aid tikililər demək olar ki, tam dağıdılıb. Bu səbəbdən də Basqalın erkən dövr tikililərinin dəqiq ölçülərini, memarlıq quruluşu və xüsusiyyətlərini öyrənmək xeyli çətinləşib. Bəzi yerlərdə divar qalıqlarının davamının öyrənilən sahədən kənara doğru uzanması da bu baxımdan müəyyən problem yaradır. Düşünürük ki, gələcəkdə qazıntının miqyasını genişləndirməklə bu məqamlara da aydınlıq gətirmək olar.

Professor qeyd edib ki, Basqalın orta əsrlərə aid əksər tikililəri yonulmuş çay və qaya daşlarından, palçıq məhlulundan istifadə edilməklə inşa olunub. Yalnız bəzi yerlərdə, özü də nisbətən son dövrə aid tikintilərdə az miqdarda bişmiş kərpicdən istifadə olunub. Həm də bişmiş kərpic inşaat materialı kimi daha çox binaların giriş hissəsinə aid tağların inşasında işlənib. Onu da xatırladaq ki, tədqiqatlar zamanı ayrı-ayrı nöqtədə kərpic döşəməyə də təsadüf olunub. Diqqəti cəlb edən digər bir cəhət nisbətən qədim olan tikintilərdə daha irihəcmli daşlardan istifadə edilməsidir. Basqal tikintilərini səciyyələndirən məqamlardan biri də divarlarda ocaq və taxça – şkaf yerlərinin olmasıdır. Basqal məscidi ərazisində tədqiqatlar davam etdirilərkən ayrı-ayrı tikinti qatları arasında sarı-boz zolaqlar qeydə alınıb. Bunlar da müxtəlif dövrlərə aid binaların döşəmə hissəsinə vurulan suvaq izləridir. Mənzillərin və yardımçı tikililərin döşəməsinin sarı torpaq məhlulu ilə suvanması Şirvan tikinti mədəniyyətinin özünəməxsus xüsusiyyətlərindəndir. Hansı ki, bu, Basqalın orta əsr tikililərində çox aydın hiss olunmaqdadır.

Basqal arxeoloji ekspedisiyasının rəhbəri deyib: “Şeyx Məhəmməd məscidi daxilində tədqiqatlar zamanı orada müxtəlif dövrlərə aid və bir-birini kəsən çoxsaylı bina qalıqları ilə yanaşı, dəmirçi emalatxanası, hovuz, saxsı borulardan və daş kürəbəndlərdən ibarət su və kanalizasiya xətlərinin qalıqları da aşkar olunub. Hovuzun yanındakı ətrafı və içərisi daşla səliqəli şəkildə döşənmiş yerin ibadət edən insanların dəstəmaz aldığı yer olduğu ehtimal edilir. Məscidin yan otağında və həyətində tədqiqatlar davam etdirilərkən bir neçə yerdə həm əsaslı, həm də yardımçı bina qalıqları aşkarlanıb. Həmin tikintilərin XVI əsrə aid Şeyx Məhəmməd məscidi ilə əlaqəli olduğu daha inandırıcıdır. Məscidlə məscid həyətindəki daş döşənmiş meydan arasında aşkar olunan bina qalıqlarının isə daha çox məhz ehsan mərasimlərinin icra edildiyi yer olduğu ehtimal olunur”.

Tarix elmləri doktorunun sözlərinə görə, Basqalda aparılan tədqiqatlar zamanı tikinti və sanitar qurğulara aid qalıqlarla yanaşı, digər çoxsaylı maddi mədəniyyət qalıqları da aşkar olunub. Həmin tapıntılar içərisində bir neçə daş kitabə xüsusilə maraq doğurur. Əfsuslar olsun ki, onlar sındırılmış vəziyyətdə olduğundan mətnlərini hələlik tam olaraq oxumaq mümkün olmayıb.

“Tapıntılar içərisində ayrı-ayrı dövrlərə aid rəngarəng çeşidli keramika nümunələrini xüsusi olaraq qeyd etmək lazımdır. Bunlar şirsiz, şirli və inşaat keramikası nümunələridir. Həmin tapıntıların əsasən yerli istehsala aid olduğu əsla şübhə doğurmur. Bu isə o deməkdir ki, daha çox ipək istehsalı ilə şöhrət qazanan Basqalda dulusçuluq sənəti də yetərincə inkişaf edib. Aşkar olunan dulus məmulatlarının bədii-texniki göstəriciləri də bunu deməyə əsas verir”, - deyə Qafar Cəbiyev əlavə edib.

Qeyd edək ki, bu gün Basqalda Prezident İlham Əliyevin 2018-ci il 3 oktyabr tarixli Sərəncamından irəli gələn vəzifələrə uyğun olaraq geniş miqyaslı tikinti, abadlıq və konservasiya işləri görülür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.