İQTİSADİYYAT


Sığortaçılar Assosiasiyası BMT-nin xeyriyyə təşəbbüsünə qoşulub

Bakı, 18 iyun, AZƏRTAC

“Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyi BMT-nin “Uşaq əməyinin istismarına qarşı mübarizə” çərçivəsində layihələrin həyata keçirilməsinə dair təşəbbüsünə qoşularaq xeyriyyə aksiyasına start verib.

ASA-dan AZƏRTAC-a bildirilib ki, “Daha sağlam və sığortalı gələcək üçün” şüarı ilə başladılmış xeyriyyə aksiyasında uşaqların təhsilə cəlb olunması əsas prioritet olaraq seçilib. Aksiya çərçivəsində xeyriyyə fondu yaradılıb. Belə ki, yerli sığorta bazarı iştirakçıları olan sığorta şirkətləri uşaqların təhsili üçün lazım ola biləcək ləvazimatları toplayaraq bu fonda ianə edirlər. Aksiyada yalnız sığorta şirkətləri yox, digər sektorlar üzrə fəaliyyət göstərən şirkətlər də iştirak edib xeyriyyə fonduna ianə edə bilər. Xeyriyyə fonduna toplanmış təhsil ləvazimatları 5 sentyabr – Ümumdünya Xeyriyyə Günündə ASA tərəfindən ölkədə fəaliyyət göstərən uşaq evlərinə bağışlanacaq.

Qeyd edək ki, bu günə olan hesabata görə, dünyada hazırda 160 milyona yaxın uşağın əməyi istismar edilir. Məhz bu məqsədlə də BMT 2021-ci ili “Uşaq əməyinin istismarının aradan qaldırılması ili” elan edib. Təşkilatın bu istiqamətdə başlıca hədəfi 2025-ci ilə qədər uşaq əməyinin istismarının qarşısının tamamilə alınması yönündə layihələrin mütəmadi olaraq həyata keçirilməsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.