SİYASƏT
Kişineu ilə Bakı arasında əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub
Kişineu, 18 iyun, AZƏRTAC
Azərbaycan-Moldova münasibətlərinin genişləndirilməsi çərçivəsində hər iki ölkənin paytaxtları arasında əməkdaşlıq müqaviləsi imzalanmalıdır.
AZƏRTAC xəbər verir ki, bunu ölkəmizin Moldovadakı səfiri Qüdsi Osmanovla görüşündə Kişineu şəhərinin meri İon Çeban söyləyib.
Görüşdən əvvəl səfirliyin təmir-tikinti işləri yekunlaşmış yeni kompleksi ilə tanış olan İ.Çeban buradakı kiçik bağçada ulu öndər Heydər Əliyevin büstünün ucaldılmasının, Azərbaycan guşəsinin yaradılmasının və ölkəmizin dahi şəxsiyyətlərinə həsr edilmiş barelyeflərin quraşdırılmasının Kişineu şəhərinin gözəlliyinə töhfə verdiyi, kompleksin Kişineu şəhərinin memarlıq incisinə çevrildiyi və paytaxt sakinləri tərəfindən heyranlıqla izlənildiyini bildirib.
Sonra mer ulu öndər Heydər Əliyevin müasir Azərbaycanın qurulmasında müstəsna xidmətlərindən bəhs edib, Ümummilli Liderin səfirliyin qarşısında ucaldılmış büstü önünə gül dəstəsi qoyub.
Görüşdə paytaxt Bakıda bir neçə dəfə olduğunu qeyd edən Kişineu meri müasir binalarla, eləcə də tarixi tikililərlə zəngin paytaxtımızın gözəlliyinin onda xoş təəssürat yaratdığını bildirib, Bakının siyasi, iqtisadi, mədəniyyət və idman tədbirlərinin keçirildiyi mərkəzə çevrildiyini vurğulayıb. İ.Çeban Bakı ilə Kişineu arasında təmasların intensivləşdirilməsi məqsədilə Azərbaycana səfər etmək arzusunda olduğunu bildirib.
Görüşdə İ.Çeban oktyabrın 13-17-də Kişineu şəhərində keçiriləcək iqtisadi forumda, Kişineu şəhəri günündə və şərab festivalında Azərbaycandan nümayəndələrin iştirakı məsələləri də müzakirə olunub.
Eyni zamanda, iyul ayında Azərbaycanın Moldovadakı səfirliyinin qarşısındakı bağçada dahi Nizami Gəncəvinin barelyefinin təntənəli açılışının keçirilməsi barədə razılığa gəlinib, qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu