MƏDƏNİYYƏT
Respublika Gənclər Kitabxanası Cahangir Cahangirovun 100 illiyi münasibətilə silsilə materiallar hazırlayıb
Bakı, 21 iyun, AZƏRTAC
Azərbaycanın istedadlarla zəngin musiqi tarixinin səhifələrinə adı qızıl hərflərlə yazılan unudulmaz bəstəkarlardan biri də Cahangir Cahangirovdur. Azərbaycan musiqi mədəniyyətinin inkişafında xüsusi xidmətləri olan bu bəstəkarın yaradıcılığında əsas yeri dillərdə əzbər olmuş mahnılar tutur. Vətənə, xalqa, millətə, anaya olan məhəbbət onun bəstələrində çox kövrək və ifadəli şəkildə öz əksini tapmışdır. Üzeyir Hacıbəylidən dərs almış və dahi bəstəkarın yaratdığı məktəbin ən istedadlı tələbəsi olmuş Cahangir Cahangirov çox maraqlı və müxtəlif janrlı musiqi əsərlərinin müəllifidir. Bəlkə də buna görədir ki, yazdığı bütün mahnılar şövqlə oxunub və əbədiyaşarlıq tapıb.
AZƏRTAC xəbər verir ki, Respublika Gənclər Kitabxanası bəstəkar, pedaqoq, xormeyster, Xalq artisti Cahangir Cahangirovun 100 illik yubileyi münasibətilə “Əbədiyaşar sənətkar” adlı virtual sərgi və “Cahangir Cahangirov-100” adlı videoçarx hazırlayıb.
Virtual sərgidə dahi bəstəkarın həyat və yaradıcılığı, tələbəlik illəri, bəstəkarlıq sahəsində atdığı ilk addımlar haqqında geniş məlumat verilib, bu sahədə ona müəllimlik etmiş dahi Üzeyir Hacıbəyovun adı çəkilib. Materialda Cahangir Cahangirovun müəllifi olduğu əsərlər haqqında məlumat verilib, musiqi bəstələdiyi filmlərin, tamaşaların siyahısı təqdim olunub. Virtual sərgidə bəstəkarın müxtəlif illərdə aldığı fəxri adlar orden və fəxri fərmanlar haqqında məlumat verilib, bundan əlavə Cahangir Cahangirovun, adını Azərbaycan musiqi tarixinə qızıl hərflərlə yazmış Niyazi, Qara Qarayev, Lütfiyar İmanov, Tofiq Quliyev ilə birgə foto şəkilləri də təqdim olunmuşdur. Virtual sərgidə dahi bəstəkarın 30-dan çox not nüsxəsinin biblioqrafik təsviri yer alıb.
Bundan əlavə kitabxana əməkdaşları dahi bəstəkarın yaradıcılığına, bəstələdiyi musiqi əsərlərinə həsr edilmiş “Cahangir Cahangirov- 100” adlı videoçarx da hazırlayıb. Videoçarx səsli müşayiət olunaraq, bəstəkarın yaradıcılığı haqqında maraqlı faktlarla zəngin ətraflı məlumat təqdim edir. Burada Cahangir Cahangirovun musiqisinə bəstələnmiş və dahi sənətkarlar olan Şövkət Ələkbərova, Rəşid Behbudov, Tükəzban İsmayılova, Yalçın Rzazadə tərəfindən ifa edilən mahnı parçalarını da dinləyə bilərik.
Videoçarxda Cahangir Cahangirovun müxtəlif illərdə çəkilən videoları da yer alıb.