ELM VƏ TƏHSİL


“Nizami və Nəvai irsinin mif və folklor qaynaqları” mövzusunda beynəlxalq elmi konfransda 60-dək məruzə dinlənilib

Bakı, 23 iyun, AZƏRTAC

AMEA-nın Folklor İnstitutunun təşkilatçılığı ilə “Nizami və Nəvai irsinin mif və folklor qaynaqları” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, dahi sənətkar Nizami Gəncəvi və Əlişir Nəvainin yubileylərinə həsr edilən konfransı Folklor İnstitutunun direktoru, akademik İmanov açıb. O, Nizami Gəncəvi yaradıcılığının ümumtürk mədəniyyətinin, xüsusən ədəbiyyatının inkişafındakı əvəzolunmaz rolundan danışıb. Əlişir Nəvainin də Nizami Gəncəvi ədəbi məktəbinin nümayəndələrindən biri, “Xəmsə” yaradan sənətkar olduğunu vurğulayıb. Akademik qeyd edib ki, Nəvai orta əsr türk dünyasının əksər sənətkarlarından fərqli olaraq əsərlərinin əksər hissəsini doğma türk dilində yazıb: “Nəvai həm də türk ədəbiyyatının və milliyyətinin bayrağını qaldırıb, türk dilində ədəbiyyat yaratmaq və bu yolla türk millətini vahid millət halına gətirmək kimi böyük işlə fəxr edib. Nizami və Nəvai mövzusunda konfrans keçirmək bir tərəfdən Nizaminin dahiliyini bir daha ortaya qoymağa, digər tərəfdən də Nəvainin böyüklüyünü, qüdrətini göstərməyə xidmət edir”.

AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan olunması ilə əlaqədar keçirilən tədbirlərin əhəmiyyətindən, Nizami böyüklüyünün həm ölkəmizə, həm də dünyaya yenidən tanıdılması istiqamətində görülən işlərdən danışıb. Akademik qeyd edib ki, türk dünyasının digər böyük sənətkarı Əlişir Nəvainin qələmə aldığı “Xəmsə” artıq Azərbaycan dilinə çevrilib və çapa təqdim olunub.

Tədbirdə Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Cəlal Qasımov “Nizami Gəncəvinin milli və ədəbi kimliyi” mövzusunda məruzə edib. O bildirib ki, “Nizami Gəncəvi İli” təkcə Nizamini deyil, Azərbaycan ədəbiyyatının Nizamidən əvvəl və Nizamidən sonrakı mərhələlərini, Nizaminin müasirlərini, klassik əsərlərin poetika, struktur, dil-üslub məsələlərini yenidən nəzərdən keçirmək, yeni fikirlər irəli sürmək, əsərlər yazmaq üçün gözəl imkan yaradıb.

Konfransa Özbəkistan Səmərqənd Dövlət Xarici Dillər İnstitutundan qatılan filologiya elmləri doktoru, professor Dilaram Salohiy “Şeyx Nizami və Əmir Nəvai epik şeirində folklor elementlərinin yeri” mövzusunda çıxış edib. Məruzəçi bildirib ki, Şərq epik poeziyasının yenilənməsində Nizami Gəncəvi və Əlişir Nəvainin bədii-estetik və ideoloji prinsipləri iki xalqın folklor mənbələrindən istifadəyə əsaslanıb.

Folklor İnstitutunun Dədə Qorqud şöbəsinin müdiri, filologiya elmləri doktoru Ramazan Qafarlı “Nizami və Nəvai “Xəmsə”lərində zaman və məkan vəhdəti” mövzusunda məruzə edib. O bildirib ki, türk dünyasının orta əsrlərin müxtəlif çağlarında yaşayıb-yaradan iki böyük söz ustadı - Nizami və Nəvai eyni kökdən gələn gen yaddaşına söykənib, epik əsərlərini dünyanın ilkin ümumi strukturuna uyğun şəkildə qurublar. Həmin struktura əsasən bütün yaranışların - istər maddi, istərsə də mənəvi - quruluşu eynidir. Alim qeyd edib ki, Nizami və Nəvai məsnəvilərinin quruluşunun dünya modelinin strukturu ilə üst-üstə düşən tərəfləri çoxdur və hər iki sənətkarın əsərlərinin girişində dünya haqqındakı qənaətlərdə yaxşını-pisi, xeyir-şəri, işığı və qaranlığı meydana gətirən Allahdır.

“Dörd dahi xəmsənəvis: Nizami, Dəhləvi, Cami və Nəvai” mövzusunda çıxış edən Bakı Dövlət Universitetinin professoru Ramiz Əsgər bildirib ki, Şərq ədəbiyyatında bir çox istedadlı şair “Xəmsə”, hətta “Səba” yazıb. Lakin bu işi ən mükəmməl şəkildə yerinə yetirən dörd dahi xəmsənəvis vardır. Bunlar Nizami Gəncəvi, Əmir Xosrov Dəhləvi, Əbdürrəhman Cami və Əlişir Nəvaidir. Xəmsə yazan bu dörd dahidən üçü (Nizami, Dəhləvi və Nəvai) milliyyətcə türk, biri isə (Cami) qeyri-türkdür. Bu dörd şairdən üçü (Nizami, Dəhləvi və Cami) öz xəmsəsini fars dilində, biri isə (Əlişir Nəvai) türkcə yazıb. Professor R.Əskər daha sonra qeyd edib ki, Nizami Gəncəvi öz “Xəmsə”sini əxilik, Əmir Xosrov Dəhləvi isə Çiştiyyə sufi ordeninin fəlsəfi əsasları istiqamətində qələmə alıb.

Özbəkistan Elmlər Akademiyası Əlişir Nəvai adına Dil və Ədəbiyyat İnstitutunun Folklor şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Mamatkul Jurayev isə “Əlişir Nəvainin əsərlərində “gül” və “ənqa” obrazlarının mifopoetik şərhi” mövzusunda məruzə edib.

Sonda “Nizami və Nəvai yaradıcılığında folklor ənənələri” mövzusunda məruzə edən Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoy qeyd edib ki, Nizaminin “Xəmsə”si bütövlükdə türk milli-siyasi ideologiyasına xidmət edib. Milli şüur Nizamiyə qədər “Oğuznamə”də şifahi olaraq yaşayırdısa, onu yazılı ədəbiyyata ilk dəfə keçirən Nizami olub. Əlişir Nəvai isə türk etik-mədəni sistemində türklüyün ideologiyasını ortaya qoyub.

İki gün davam edən konfransda 5 bölmədə 60-a yaxın məruzə dinlənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.