MƏDƏNİYYƏT
Respublika Gənclər Kitabxanasında izləyicilər tərəfindən sevilən aksiyalar davam etdirilir
Bakı, 29 iyun, AZƏRTAC
Respublika Gənclər Kitabxanası sosial izolyasiya və müharibə şəraitində daim öz izləyicilərinin virtual baxımdan olsa da, yanında olmağa çalışmış, öz maraqlı, faydalı aksiyaları ilə izləyicilərinə xidmət göstərib. Kitabxana hərbi vətənpərvərlik, mədəniyyət, ədəbiyyat, iqtisadiyyat, tarix, beynəlxalq münasibətlər və s. sahələrə həsr olunmuş kifayət qədər uğurlu, öz ətrafında geniş izləyici kütləsi toplamağa müvəffəq olmuş aksiyalara imza atıb. Bu aksiyalar çərçivəsində kitabxananın sosial şəbəkə izləyiciləri yerli və dünya ədəbiyyatı, mədəniyyəti sahəsinin nümayəndələri, dünya kitabxanaları, teatr və muzeyləri, beynəlxalq təşkilatları haqqında çox faydalı məlumatlar alıb, virtual kitab sərgiləri, videoçarxlar vasitəsilə adını Azərbaycanın şərəfli döyüş tarixinə qızıl hərflərlə yazmış qəhrəmanları tanıyıb, canlı yayımlar vasitəsilə onlarla canlı ünsiyyətdə olublar. Respublika Gənclər Kitabxanası unudulmuş ədəbiyyat və mədəniyyət nümayəndələrini gündəmə gətirib, böyüməkdə olan gənc nəsli onlarla tanış edib. Respublika Gənclər Kitabxanası öz birbaşa vəzifəsini də unutmayaraq “Kitabxanaçı məsləhət edir” rubrikası çərçivəsində 100-dən çox kitaba tanıtım videoçarxları çəkib. Bu aksiyalar izləyicilər tərəfindən rəğbətlə qarşılanıb.
AZƏRTAC xəbər verir ki, Respublika Gənclər Kitabxanası bu gün də bir sıra aksiyalarını davam etdirir. Bunlara misal olaraq “Mütaliə edək. Dinləyək. Tanıyaq”, “Dünya ənənələri-ənənələr dünyası”, “Dünya muzeylərini tanı”, “Tariximizin qəhrəmanlıq imzası” və s. aksiyalarıdır. Kitabxana əməkdaşları mütəmadi olaraq oxucuların maraq dairəsinə uyğun olan klassik və müasir ədəbiyyat nümunələrinə “book trailer” lər çəkirlər. Kitabxananın fonduna daxil olan kitablar mütəmadi olaraq videoçəkiliş vasitəsilə oxuculara təqdim olunur.
Kitabxananın sosial şəbəkə səhifələri dəyərli izləyicilərin özünüifadə meydanıdır. “İzləyicidən gələnlər” silsiləsi məhz gənc, istedadlı, kreativ oxuculara həsr edilib və burada izləyicidən gələn videolar yerləşdirilir.
Kitabxana gələcəkdə də fəaliyyətini bu istiqamətdə davam etdirməyi planlaşdırır.