DÜNYA
Gürcüstanda koronavirusla əlaqədar qapanma yenidən tətbiq edilə bilər
Tbilisi, 31 iyul, AZƏRTAC
Gürcüstanda koronavirusa gündəlik yoluxma halları yenidən artıb. Son sutkada ölkədə daha 3196 nəfər koronavirusa yoluxub.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi “stopcov.ge” saytında məlumat verilib.
Bildirilib ki, son 24 saat ərzində 27 yeni ölüm halı qeydə alınıb.
Gürcüstanda bu günədək COVID-19 infeksiyasına yoluxanların sayı 419 min 534-ə pandemiya qurbanlarının sayı isə 5 min 830-a çatıb. Koronavirusa yoluxanların 382 min 393-ü sağalıb.
Gürcüstanın virusologiya üzrə mütəxəssisi Bidzina Kulumbekov deyib ki, əgər yoluxma sayı yenidən artsa və 5000 nəfəri keçsə hökumət bəzi qadağalar tətbiq edəcək. Onun sözlərinə görə, hələlik buna ehtiyac yoxdur, amma artım dinamikası müşahidə edilir. Vəziyyət belə davam etsə ölkədə qapanmalar olacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi