CƏMİYYƏT


İslam Əməkdaşlıq Təşkilatı Gənc İş Adamlarının 7-ci Kazan Forumu keçirilib

Bakı, 2 avqust, AZƏRTAC

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Gənc İş Adamlarının 7-ci Forumu işini uğurla başa çatdırıb. Forumda finala yüksələn 37 startap komandasından biri - “Hadigro” layihəsi ölkəmizi təmsil edib. Yekunda beynəlxalq jüri tərəfindən seçilmiş ən yaxşı layihələrə mükafatlar təqdim olunub.

Bu barədə AZƏRTAC-a İƏT Gənclər Forumunun Bakıda yerləşən Avrasiya üzrə Regional Mərkəzindən məlumat verilib.

Bu tədbir İƏT Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzi və Rusiya Federasiyası Tatarıstan Respublikasının Gənclər Nazirliyinin birgə təşkilatçılığı, Tatarıstanın “Selet” Gənclər Fondunun tərəfdaşlığı ilə baş tutub. İyun və iyul aylarında onlayn keçirilən Forumun hazırlıq treninqlərində 32 ölkədən 150-yə yaxın startap layihəsi iştirak edib. Finalda iştirak edən 17 ölkədən 37 layihə Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanovun və rəsmi qonaqların, eləcə də beynəlxalq investorların iştirakı ilə keçirilən xüsusi sessiyada layihələrini təqdim ediblər. Sonda fərqlənən layihələrə müxtəlif mükafatlar, o cümlədən ən yaxşı iki layihəyə İƏT Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzi tərəfindən ümumilikdə 10 min ABŞ dolları məbləğində pul mükafatı təqdim edilib.

Tatarıstan Prezidenti Rüstəm Minnixanov ənənəvi olaraq hər il Beynəlxalq Kazan İqtisadi Sammitinin tərkibində təşkil edilən Forumun nəticələrindən və nailiyyətlərindən məmnunluğunu ifadə edərək tədbirin təşkilatçılarına təşəkkür edib.

İƏT Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin Baş direktoru Elməddin Mehdiyev tədbirin açılış və bağlanış mərasimlərində çıxış edərək, Forumun əhəmiyyətini vurğulayıb. O, Foruma yüksək səviyyədə ev sahibliyinə görə mərkəz adından Tatarıstan Prezidenti Rüstəm Minnixanova və tərəfdaşlara təşəkkürünü bildirib və bu istiqamətdə tərəfdaşlığın davam edəcəyini vurğulayıb.

Tədbirdə Rusiya Federasiyasının senatoru İrek Yalalov, İƏT Gənclər Forumunun prezidenti Taha Ayhanın adından Forumun baş direktoru Rəsul Ömərov və Tatarıstanın gənclər nazirinin müavini Timur Suleymanov çıxış ediblər.

İƏT Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin dəvəti ilə Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnnovasiyalar Agentliyinin nümayəndə heyəti və “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin təmsilçisi də Forumda iştirak ediblər.

Forumun plenar sessiyasında Azərbaycan Respublikası Təhsil Nazirliyinin Ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli “Universitet – sənaye – dövlət üçlüyü: innovasiya və sahibkarlıq istiqamətində əməkdaşlıq” mövzusunda onlayn təqdimat edib.

Regional Mərkəzin tərəfdaşlığı ilə Kazanda İƏT ölkələrindən olan gənc diplomatların 5-ci Forumu da keçirilib. Həmin tədbirin açılış mərasimində Elməddin Mehdiyev ilə yanaşı, Rusiyanın MDB ilə Əlaqələr üzrə Federal Agentliyinin rəhbəri Yevgeni Primakov, Rusiya Federasiya Şurasının Xarici Əlaqələr Komitəsinin sədri Qriqori Karasin, Rusiyanın İƏT-dəki daimi nümayəndəsi Ramazan Abdullətipov, Tatarıstanın gənclər naziri Damir Fattaxov və digər rəsmi şəxslər təbrik çıxışları ediblər.

Səfər çərçivəsində İƏT Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin nümayəndə heyəti Tatarıstan Respublikasının gənclər naziri Damir Fattaxov ilə görüşüb. Görüşdə ikitərəfli əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.