MƏDƏNİYYƏT


Milli Qəhrəman Çingiz Qurbanov haqqında sənədli film çəkilib

Bakı, 2 avqust, AZƏRTAC

Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm studiyası”nda “Azərbaycanın Milli qəhrəmanları” silsiləsindən olan sənədli filmlər çəkilməkdə davam edir. “Salnaməfilm studiyası”nın ekranlaşdırdığı “Hər şey yaxşı olacaq” filmi bu silsiləyə aid filmlərdəndir.

AZƏRTAC xəbər verir ki, ekran əsərinin paytaxtda və bölgələrdəki mədəniyyət ocaqlarında, hərbi hissə və hərbi məktəblərdə, ali və orta ümumtəhsil məktəblərində, kino mərkəzlərində nümayişləri artıq təşkil olunub.

Sənədli film Milli Qəhrəman Çingiz Qurbanov haqqındadır. Filmin adı Çingiz Qurbanovun ailəsi ilə vidalaşarkən söylədiyi fikirdən götürülüb: “Hər şey yaxşı olacaq”.

Filmin çəkilişləri Çingiz Qurbanovun boya-başa çatdığı Qusar rayonunda, Bakıda və Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində aparılıb. Film müşahidə janrında çəkilib. Filmdə Çingizin ata-anası, qardaşı, müəllimləri, sinif yoldaşları, məhəllə dostlarının onun haqqında qürurverici, xoş xatirələri yer alır. Filmdə qəhrəmanın şəxsi arxivindən və kino xronikadan da istifadə olunub.

Ekran əsərinin ssenari müəllifi və rejissoru Kamran Qasımov, operatoru Mirzə Ələkbərov, icraçı prodüseri Azad Axundov, prodüseri Nazim Hüseynovdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.