ELM VƏ TƏHSİL
Bu il AMEA Şəki Regional Elmi Mərkəzində 700 kiloqram barama istehsal olunub
Bakı, 2 avqust, AZƏRTAC
Prezident İlham Əliyevin 2017-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nın tətbiqindən sonra ölkəmizdə ipəkçiliyin kompleks inkişafı istiqamətində aparılan işlər daha da gücləndirilib. Bu il AMEA Şəki Regional Elmi Mərkəzində 27 min ədəd tut ağacı sortları yetişdirilərək istifadəyə verilib.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, 2016-cı ildən başlayaraq Şəki REM-in təcrübə sahəsində dövlət dəstəyi ilə Çindən gətirilmiş tut ağacı sortundan xüsusi sahə hazırlanaraq hər il beş min ting əkilib. Hazırda təcrübə sahəsində 25 min ədəd Çindən gətirilmiş və 2000 ədəd yerli tut ağacı sortları yetişdirilərək istifadəyə verilib.
Son dörd il ərzində həmin təcrübə sahəsində işçilər üçün otaq və dəmir konstruksiyalı, müasir tələblərə cavab verən 165 kvadratmetr sahəyə malik kümxana tikilib istifadəyə verilib.
Artıq iki ildir ki, Mərkəzdə barama istehsalı ilə məşğul olunur. Bu il KASKAD Elmi İstehsalat və Xidmət MMC ilə birgə 700 kiloqram barama istehsal olunub.
Yeni tut ağacı bağlarının tam məhsuldar yaşa çatması ilə barama istehsalının da ildən-ilə artacağı proqnozlaşdırılır.