SİYASƏT


Azərbaycan, Türkiyə və Pakistan arasında parlamentlər səviyyəsində yeni əməkdaşlıq formatının yaradılması tarixi hadisədir

Bakı, 2 avqust, AZƏRTAC

Qırx dörd günlük Vətən müharibəsi Azərbaycanın siyasi nüfuzunun, iqtisadi-hərbi qüdrətinin təsdiqi olmaqla bərabər, regionumuzda tamamilə yeni geosiyasi və geoiqtisadi reallıqlar yaratdı. Azərbaycan dünyada öz sözü, mövqeyi, müstəqil xarici siyasəti olan ölkə imicini daha da möhkəmləndirdi. Bugünkü reallıqlar qalib ölkənin sözünün daha kəsərli olmasını, dost ölkələrin sayının günbəgün artmasını və beynəlxalq hüququn da onun yanında olmasını təmin etdi. Bu gün dünya ictimaiyyətinin mütləq əksəriyyəti Azərbaycana dostluq nümayiş etdirmək, iqtisadi sahədə birgə layihələrdə tərəfdaş olmaq niyyəti ilə çıxış edir. Azərbaycan regionda sülhün, təhlükəsizliyin, açıq, konstruktiv, bərabərhüquqlu əməkdaşlığın sözün əsl mənasında qarantı kimi çıxış edən dövlətə çevrilib. Üç dost, qardaş ölkə olan Azərbaycan, Türkiyə və Pakistan arasında parlament səviyyəsində yeni əməkdaşlıq formatının yaradılması mühüm tarixi hadisə olmaqla yanaşı, bu təşəbbüsün məhz Azərbaycandan başlayıb inkişaf etməsi ölkəmizin uğurlu xarici diplomatiyasının və beynəlxalq siyasətinin real nəticəsidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında YAP Səbail rayon təşkilatının sədri, iqtisad elmləri doktoru professor Şəmsəddin Hacıyev bildirib.

Ş.Hacıyev qeyd edib ki, tarixən bir millət, iki dövlət olduqlarını dəfələrlə sübut edən Azərbaycan və Türkiyənin birgə əməkdaşlıq təcrübəsinə siyasi mövqeyi və hərbi qüdrəti ilə seçilən, nüvə silahına malik olan Pakistanın da cəlb olunması şübhəsiz ki, ölkələr arasında qarşılıqlı dəstək formatının əhəmiyyətini və töhfələrini daha da yüksəldəcək və bu üçlüyün yeni regional güc mərkəzinə çevrilməsinə təkan verəcəkdir. 44 günlük Vətən müharibəsi günlərində daima Azərbaycanın yanında olan və Azərbaycan-Türkiyə qardaşlığına yeni “Bir millət, üç dövlət” konsepsiyası qazandıran Pakistanın işğalçı Ermənistanla bağlı barışmaz mövqeyi Azərbaycan xalqını hər zaman qürurlandırmışdır. Ən çətin günlərdə Azərbaycanın yanında olan iki qardaş ölkə ilə üçtərəfli parlamentlərarası əməkdaşlıq Bəyannaməsinin imzalanması ölkələrimiz arasında siyasi, hərbi və iqtisadi əlaqələrin, birgə layihələrin inkişafına təkan verməklə yanaşı, həm də beynəlxalq platformada bu üç ölkənin bir mövqedən çıxış etməsinə, bir-birinin milli maraqlarının qorunmasına qardaş dəstəyi verməsi deməkdir.

Professor deyib ki, milli maraqların hər şeydən üstün olduğunu daim diqqət mərkəzində saxlayaraq böyük güclərin regiondakı maraqlarını məharətlə tarazlamaq, bununla da milli mənafelərə uyğun siyasət həyata keçirmək sözün əsl mənasında uzaqgörən, müdrik, cəsarətli və yüksək intellektli böyük liderlərə xas olan keyfiyyətlərdir. Qibtə ediləcək faktdır ki, bu keyfiyyətlər Prezident İlham Əliyevin şəxsiyyətində ən yüksək səviyyədə təcəssüm edir. Azərbaycan hazırda 30 illik müstəqillik tarixinin ən şərəfli hadisələrinə və ardıcıl olaraq misilsiz tarixi uğurlara imza atır. Azərbaycan və Türkiyə arasında yeni müttəfiqlik münasibətlərini formalaşdıran tarixi Şuşa Bəyannaməsinin imzalanması, Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişelin Avropa İttifaqı - Azərbaycan münasibətlərində yeni səhifə açan Azərbaycana səfəri, Prezident İlham Əliyevin regionun yeni reallıqlarına uyğun geokommunukasiyaların açılması, postmüharibə dövründəki vəziyyət və Azərbaycan-Rusiya münasibətlərinin perspektivlərinin pozitiv fonda müzakirə olunduğu Moskva görüşündən sonra çox mühüm siyasi, hərbi-strateji və geoiqtisadi əhəmiyyət daşıyan Azərbaycan, Türkiyə və Pakistan arasında parlamentlər səviyyəsində üçtərəfli Bakı Bəyannaməsinin imzalanması Azərbaycanın dövlət başçısının zərgər dəqiqliyi ilə həyata keçirdiyi çoxvektorlu, tarazlı və milli maraqlara xidmət edən siyasətinin tarixi nəticələridir.

“Vətən müharibəsi günlərində Azərbaycan torpaqlarında, xüsusilə döyüş bölgələrində birlikdə qürurla dalğalanan bu üç bayraq – Azərbaycan, Türkiyə və Pakistanın ay-ulduzlu bayraqları Azərbaycan xalqının Böyük Qələbəsinin simvoluna çevrildi. Bu birliyin əvvəl Xarici İşlər Nazirliyi, sonra Müdafiə Nazirliyi, indi isə Parlamentlər səviyyəsində möhkəmlənməsi “Bir millət, üç dövlət” konsepsiyasının real fəaliyyət müstəvisində reallaşması və dövlətlərimizin, xalqlarımızın və millətimizin gücünə güc qatılması deməkdir. Bakı Bəyannaməsi, ilk növbədə, parlamentlərarası münasibətlərin daha da möhkəmlənməsi və genişləndirilməsi, qanunvericilik bazalarının təkmilləşdirilməsi və uyğunlaşdırılması, qarşılıqlı maraq doğuran regional və qlobal əhəmiyyətli məsələlərin parlamentlər səviyyəsində birgə müzakirə olunaraq müvafiq qərarlar qəbul edilməsi, təcrübə mübadiləsi, qarşılıqlı səfərlər və s. baxımından böyük əhəmiyyət kəsb edir. Eyni zamanda, bu Bəyannamə beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə, yeni uğurlu regional əməkdaşlıq formatının reallaşdırılmasına mühüm töhfələr verməklə yanaşı, müxtəlif beynəlxalq dairələrdə ölkələrin ərazi bütövlüyü məsələlərinə ikili standartlarla yanaşmaq, eləcə də İslamofobiya, dini, siyasi dözümsüzlük və beynəlxalq hüququn prinsip və normalarının pozulması meyillərinə qarşı birlikdə və səmərəli mübarizə aparılmasna əhəmiyyətli töhfələr verəcəkdir”, - deyə Ş.Hacıyev vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.