ELM VƏ TƏHSİL


Azərbaycan alimləri regionda radiasiya təhlükəsizliyi probleminin tədqiqinə ardıcıl və sistemli şəkildə yanaşırlar

Bakı, 5 avqust, AZƏRTAC

Azərbaycan ərazisinin coğrafi mövqeyinin və iqtisadi inkişafının spesifik xüsusiyyətləri, onun Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin böyük bir hissəsini əhatə etməsi ikili təyinatlı nüvə materiallarının, o cümlədən radioaktiv maddələrin daşınması ehtimalını artırır və bu kimi hallar müşahidə olunur. Bu da öz növbəsində, radiasiya təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət kəsb edir.

AZƏRTAC xəbər verir ki, bu barədə Radiasiya Problemləri İnstitutunun (RPİ) baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev məlumat verib. O qeyd edib ki, son 20 ildə Azərbaycan alimləri regionda radiasiya təhlükəsizliyi probleminin tədqiqinə daha ardıcıl və sistemli şəkildə yanaşıblar. Ölkə ərazisinin ayrı-ayrı sahələrində radiasiya fonu ölçülüb, “qaynar nöqtə”lərin müəyyənləşdirilməsi və məhv edilməsi işləri aparılıb, radioizotopların elmi-tədqiqatlarda və müalicə-sterilizasiya işlərində geniş tətbiqinə başlanılıb, transsərhəd çaylarda və gömrük-sərhəd məntəqələrində radiasiya monitorinqi cihazları quraşdırılıb.

AMEA-nın müxbir üzvü Azərbaycanda radiasiya təhlükəsizliyinin təmin edilməsinin müvafiq dövlət proqramlarında, mövcud qanunvericilik və normativ-hüquqi aktlarda təsbiti və onun institusional potensialı məsələlərinə toxunub. 2021-2025-ci illər üçün nəzərdə tutulmuş “Radiasiya təhlükəsizliyi üzrə Milli elektron məlumat bazasının yaradılması, radiasiya risklərinin GİS-də təsviri və onların idarə olunması mexanizminin işlənilməsi” mövzusu üzrə aparılacaq tədqiqatlardan danışıb.

Qeyd edib ki, XX əsrin ortalarından başlayaraq dünyada atom energetikasının və radiasiya texnologiyalarının sürətli inkişafı və praktikada geniş istifadə olunması son nəticədə əhalinin və ətraf mühitin radiasiya təhlükəsizliyinin təmin edilməsini bəşəriyyət üçün prioritet problemlərdən birinə çevirib. Bu fəaliyyət sahəsi fizika, kimya, biologiya, ekologiya, riyaziyyat, təbabət, qida təhlükəsizliyi kimi çoxsaylı elmi istiqamətlərin qovşağında yerləşən multidisiplinar bir sahədir. Problemin əsasında atom energetikasının və radiasiya texnologiyalarının sürətli inkişafı fonunda insan sağlamlığını və ətraf mühiti ionlaşdırıcı şüalanmanın təsirindən mühafizə etmək kimi mürəkkəb və çoxsahəli məsələnin həlli dayanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.