MƏDƏNİYYƏT
Respublika Gənclər Kitabxanası Xalq şairi Qabilin 95 illiyi münasibətilə silsilə materiallar hazırlayıb
Bakı, 12 avqust, AZƏRTAC
Xalq şairi Qabilin 95 illiyi münasibətilə C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası silsilə materiallar “Şeirin zirvəsində olan şair” adlı biblioqrafik vəsait, “Qabil 95” adlı videoçarx və şairin şəkil və videolarından ibarət virtual fotosərgi hazırlayaraq sosial şəbəkələrdə izləyicilərə təqdim edib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, “Şeirin zirvəsində olan şair” adlı biblioqrafik vəsait özündə şairin həyat və bədii fəaliyyəti haqqında geniş məlumatı, yaradıcılıq nümunələrini, şairin müəllifi olduğu kitabların sıyahılarını cəmləyir. Burada, həmçinin şairin müasirlərinin onun haqqında söylədikləri dəyərli fikirlər, Xalq şairinə həsr edilən kitablar və dövri mətbuat nümunələri də əksini tapıb. Biblioqrafik vəsait iki dildə Azərbaycan və rus dillərində tərtib edilib.
“Qabil 95” adlı videoçarxda isə Xalq şairinin bədii fəaliyyət yoluna xüsusi önəm verilmiş, şairin yaradıcılıq uğurları, orden və medalları, təltifləri haqqında məlumatlar paylaşılıb. Şairin müəllifi olduğu kitabların siyahısı və əsərləri haqqında məlumatlar da videoçarxda yer alıb.
Xalq şairi Qabilə həsr edilmiş virtual fotosərgidə isə şairin ümummilli lider Heydər Əliyev ilə görüşlərindən qısa fraqmentlər, müxtəlif illərdə lentə alınmış fotogörüntülər əks olunub.