MƏDƏNİYYƏT
“Vətən müharibəsi qəhrəmanları gənc rəssamların gözü ilə” sərgisinin iştirakçıları mükafatlandırılıb
Bakı, 17 avqust, AZƏRTAC
Respublika Gənclər Kitabxanasında “Vətən müharibəsi qəhrəmanları gənc rəssamların gözü ilə” virtual sərgisinin iştirakçılarına diplomlar təqdim edilib.
AZƏRTAC xəbər verir ki, Respublika Gənclər Kitabxanasının “Zəfərə gedən yol” layihəsi çərçivəsində təşkil olunan “Vətən müharibəsi qəhrəmanları gənc rəssamların gözü ilə” virtual sərgisi izləyicilərə təqdim edilib. Virtual sərgisində 20-dən çox gənc, həvəskar rəssamların Vətən müharibəsi qəhrəmanlarına həsr etdikləri rəsm əsərləri onlayn rejimdə nümayiş olunub.
Bu günlərdə virtual sərgidə öz işləri ilə çıxış edən həvəskar rəssamlar və tədbirin təşkilinə bilavasitə əmək sərf edən Respublika Gənclər Kitabxanasının uzun müddətdir ki, əməkdaşlıq etdiyi, birlikdə bir sıra uğurlu layihələrə imza atdığı Azərbaycan Rəssamlar İttifaqının fəxri üzləri Elnurə və Aygün İsgəndərovalar diplom və sertifikatlarla təltif ediliblər.
Diplomlar Respublika Gənclər Kitabxanasının direktoru, tarix üzrə fəlsəfə doktoru Oruc Quliyev tərəfindən təqdim edilib. Diplomların təqdim edilməsi zamanı direktor Oruc Quliyev bu səpkili sərgilərin virtual formada olsa belə, təşkil edilməsi və keçirilməsi zərurətini qeyd edib, bu işdə əməyi keçən Elnurə və Aygün İsgəndərovaların zəhmətini xüsusi vurğulayaraq, onlara öz dərin minnətdarlığını bildirib. Oruc Quliyev kitabxananın gələcəkdə də, bu səpkili vətənpərvərlik aksiyalarını, sərgi və müsabiqələri təşkil edəcəyinə dair əminliyini dilə gətirərək sonda, sərgi iştirakçılarına gələcək işlərində uğurlar arzulayıb. Diplomların təqdim edilməsindən sonra iştirakçılar Şəhidlər xiyabanını ziyarət ediblər.
Respublika Gənclər Kitabxanasının “Zəfərə gedən yol” layihəsi çərçivəsində təşkil olunan “Vətən müharibəsi qəhrəmanları gənc rəssamların gözü ilə” virtual sərgisinə kitabxananın instaqram səhifəsindən baxmaq olar.